“Çimərliklər pulsuz olmalıdır” - Monitorinqlər aparılır

  13 İyun 2019    Oxunub : 1123
 “Çimərliklər pulsuz olmalıdır” - Monitorinqlər aparılır
"Dövlət Turizm Agentliyi bu ildən çimərliklərdə monitorinqlərə başlayıb".

Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. O bildirib ki, monitorinq Azərbaycanın bütün çimərlikləri əhatə edəcək.
"Çimərliklərdə həm mövcud vəziyyəti, həm də xidmətləri müəyyən etməyi istəyirik. Dövlət Turizm Agentliyi olaraq monitorinqin nəticələrini dövlət strukturlarına təqdim edəcəyik. Biz onun tərəfdarıyıq ki, çimərliklərə giriş pulsuz olmalıdır. Hazırda vəziyyəti araşdırırıq".

K.Quluzadə qeyd edib ki, yay fəslinin sonunda Azərbaycan üzrə ümumi vəziyyətin nəticələri təqdim olunacaq: "Monitorinqin nəticələrindən asılı olaraq təkliflər hazırlayıb, müvafiq qurumlara təqdim edəcəyik. Biz istəyirik ki, çimərliklər ictimai olsun. Dünya praktikasında çimərliklər ictimaidir və bizdə də belə olmalıdır. Bütün insanlar çimərliklərdən istifadə etməlidir. Hansısa şirkət xidmət göstərmək istəyərsə, xidmət haqqı ala bilər".

Aytən Zəhra
Azvision.az

Teqlər: Agentlik   Çimərlik