Pulsuz gənclərin kəşf etdiyi yeni narkotik - Murad Köhnəqalanın yazısı

  12 İyun 2019    Oxunub : 3649
 Pulsuz gənclərin kəşf etdiyi yeni narkotik - Murad Köhnəqalanın yazısı
Nəzərdən kənarda qalmış kəndlərimizdən, kənd camaatının həyatından, məişətindən yazmağa həmişə can atmışam. Əlbəttə, Azərbaycan kəndinin problemləri bir yazının baqajına sığa bilməz, gərək belə yazıların kabinasının üstünə əlavə bir baqaj da qoyasan. Yox, yenə sığan deyil! Belə baqajlı yazının arxasına da “prisep” qoşsan, bəlkə bircə kəndin əhvalatını yerləşdirə biləsən.
Belə kəndlərdə ömrünü mənasız xərcləyən gənclərin vəziyyəti xüsusilə dözülməz olur. Səhər-səhər evdə tapdıqlarından yeyib təlim dovşanları kimi uçuq-sökük çayxanaya gəlir, domino oynayır, mübahisə eləyir, araq içib evə qayıdırlar. Evdəkilərlə ziddiyyət yaradıb yenə çayxana-kafeyə qayıdırlar. Onlar üçün getməyə ayrı yerlər mövcud deyil. Bir əyləncə klubu, kinoteatr, idman zalı... yoxdur ki, bu bədbəxt gedib başını qatsın.

Adətən, gənclər romantik görünən şeylərə daha çox meyl edirlər. Mən öz kəndimizdə olanda eşitdim ki, qonşu kənddə bir çayxana açılıb, orada sulu qəlyan verilir. Günlərin təkrarından və həyatın bozluğundan bezən gənclər xəbəri eşidən kimi gecələr ora axın elədilər. Pulu hardan alırlar? Məsələn, bu dəfə eşitdim ki, atası Rusiyada xırda kommersiya ilə məşğul olan kəndimizin bir gənci tay-tuşlarını öz maşınına yığıb, sulu qəlyan çəkməyə aparıb.

Darıxırlar, hərəsinin bir dürlü problemi var. Anormal cəmiyyətdə yaşadıqlarına görə, məcburən, həyatları da anormal keçir. Hər açılan səhəri, hər uzanan günü, hər qaralan axşamı başlarından eləyib vaxt ötürürlər. Günlər bulanıq su kimi onların üstünə gəldikcə boğulmamaq üçün axını birtəhər özlərindən rədd eləyirlər. Hamısı yuxusuzluqdan danışır, “gecələr yata bilmirəm” deyirlər. Gündüzlər də, gecələr də, cəmiyyət də, yersiz düşünülmüş qayda-qanunlar, adət-ənənə adına sırınmış dəbdəbələr də onları sıxmaqla məşğuldur.

Sulu qəlyan olmur, lap elə quru qəlyan olsun, necə ki, belə cəmiyyət formalaşıb, xilas yeri yoxdur.

Gənclərin baş qatıb, vaxt keçirmək üsullarından birini açıb demək istəyirəm. Sözsüz, belə bir dözülməz həyatın sahibi olmaq insana, xüsusən də, gəncə böyük işgəncədir. Bəs neyləməli, özünü necə keyitməli, heç olmasa bir neçə saatlığına özündən necə bixəbər olmalı, ağlı, huşu başdan necə çıxarmalı?

Artıq araq o qədər də maraqlı deyil. Arağı, şərabı normal bir şəraitdə, tutaq ki, restoranda sevdiyi xanımla, yaxud, xoş bir şəhərdə öz dostuyla içmədiyinə görə, içki onlar üçün o qədər də maraqlı deyil. Bəs nə etməli? Demək, bir az da irəli getmək lazımdır: narkotika!

Əlbəttə, burda kokaindən, heroindən söhbət gedə bilməz, o, pullu adamların işidir. Allah nəşə satanların da insafını kəssin, baş dumanlandırmaq üçün bir kibrit qutusu tutumu nəşəni 60-80 manata verirlər. Yazıq gənc bunu da davamlı ala bilmədiyinə görə, kustar üsullu taksomaniyaya keçir.

Demək, çöllərdə yabanı bitən çətənə kolunun (nəşə kolu) yaşıl budaqlarını yığaraq, iri bir qazanda qaynadır, sonra qazandakı suyu süzüb, duruldurlar. Alınan gömgöy məhlul zəhər kimi acı olduğundan, ona qatılaşdırılmış şirin banka südü (“squşonka”) qatırlar ki, içilməsi mümkün olsun. Kəşf olunmuş bu məhluldan 25-30 qram içən bir gənc səhərdən axşamacan “kayfda” gəzir.

Bu “kayf altında” sən heç nə dərk eləmirsən, danışılanları anlamırsan, yaxud, hər şeyi tərs başa düşürsən, heç nə vecinə olmur, ayağın sanki yerə dəymir, ruhun səni yuxarı dartır, göydə gəzirsən. Dozanı biraz da artırsan hallüsinasiya başlayır və gözlərin qarşısında insanların görkəmi dəyişir.

Bütün bunlara baxmayaraq, dəyişmiş beynin səni əmin edir ki, gördüklərinin və eşitdiklərinin hamısı səhih və doğrudur. Həmin halda sən dostunu düşmən, düşmənini dost kimi də görə bilərsən. Sənə tamaşa edən ayıq adamların gözündə artıq zır dəliyə çevrilirsən. İndiki gəncə də elə bu lazımdır: “Mənimlə işiniz olmasın, mən dəliyəm!”

Ancaq gənclərin bu kimyəvi kəşfinin üstünü açıb ictimailəşdirdiyimə görə onlardan üzr istəmək istəyirəm. Mən onları yaxşı başa düşürəm, lakin, demək istəyirəm ki, bu, heç də çıxış yolu deyil.

Murad Köhnəqala
Azvision.az üçün

Teqlər: Narkomaniya   Gənclik