Prezident Baş katiblə görüşüb - Yenilənib

Prezident Baş katiblə görüşüb -  Yenilənib
  12 İyun 2019    Oxunub:2590
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanı qəbul edib.
Azvision.az xəbər verir ki, Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisinin yüksək səviyyədə təşkil olunmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi və 50-dən artıq ölkənin, eləcə də özəl və ictimai sektorun nümayəndələrinin burada bir araya gəlməsini tədbirlərin önəminin göstəricisi kimi dəyərləndirdi. Qonaq Bakının mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini vurğulayaraq, ölkəmizdə göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirdi. Kunio Mikuriya, eyni zamanda, Azərbaycanın Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa regionu üzrə rəhbər seçilməsi münasibətilə təbriklərini çatdırdı və qeyd etdi ki, Azərbaycan bu sahədə təkcə gələcəkdə Avropada deyil, daha geniş məkanda mühüm rol oynaya bilər. O, ölkəmizin informasiya texnologiyaları sahəsində uğurlu beynəlxalq əməkdaşlıq həyata keçirdiyini qeyd etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisinin önəminə toxunaraq, paytaxtımızda mühüm beynəlxalq tədbirlərin keçirilməsinin artıq ənənə xarakteri daşıdığını qeyd etdi və bunun ölkəmizin inkişafına öz töhfəsini verdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanda informasiya texnologiyaları sahəsinin sürətlə inkişaf etdiyini, buraya böyük investisiyaların qoyulduğunu və bu sahənin geniş potensiala malik olduğunu vurğuladı.

Görüşdə ölkəmizin Ümumdünya Gömrük Təşkilatı ilə uğurlu əməkdaşlıq həyata keçirdiyi bildirildi, əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident   Gömrük  





Xəbər lenti