Jurnalistlərin dostu - İlham Əliyev - FOTOLAR

Jurnalistlərin dostu - İlham Əliyev - FOTOLAR
  26 Noyabr 2013    Oxunub:2038
Prezident İlham Əliyev: Demokratik cəmiyyətin qurulması işində azad medianın xüsusi rolu var.
Azərbaycan Prezidenti İlham Əliyev ikinci dəfə "Jurnalistlərin dostu" seçilib. Noyabrın 24-də bu münasibətlə mərasim keçirilib.

Bütün media işçiləri adından Prezident İlham Əliyevi ikinci dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi münasibətilə təbrik edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib: "Hörmətli cənab Prezident! İcazə verin, çıxışıma başlamamışdan əvvəl "Jurnalistlərin dostu" adını ikinci dəfə qazanmağınız münasibətilə bütün həmkarlarım adından Sizi təbrik edim, Sizə ən xoş duyğularımı bildirim. "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi "Jurnalistlərin dostu" mükafatını 1997-ci ildə təsis edib. Niyyətimiz cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, bu məqsədlə dövlət məmurlarımızın, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin möhkəmlənməsinə nail olmaq, bununla da mediaya qayğı ənənələrini stimullaşdırmaqdır. Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatının qalibi kimi çıxışı, Azərbaycan mediasının dünəni, bu günü və sabahı ilə bağlı fikirlərini bölüşməsi hamımız üçün böyük şərəf və hər zaman fərəhlə anılan, unudulmaz xatirədir. İndi 2013-cü ilin qalibini təbrik etdiyim bir gündə 11 il öncəki tarixi də yada salmaqdan böyük məmnunluq duyuruq. "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin bu ilin sentyabrında təşkil etdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzetinin, 6 jurnalın, 11 informasiya agentliyinin, 12 xəbər portalının, 7 telekanalın, 4 radionun və 11 jurnalist təşkilatının rəyləri öyrənilibdir. Sorğunun nəticələrinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 89 faiz səslə qalib gəlibdir. Cənab Prezident, bizim sorğuda ikinci və üçüncü yerləri tutanları da biz qeyd edirik. İkinci və üçüncü yerləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri və "Bakcell" şirkətinin baş icraçı direktoru bölüşüblər. Onların da hər birinə təbrikimizi yetiririk.

Hörmətli mərasim iştirakçıları, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ikinci dəfədir ki, jurnalistlərin dostu seçilir. Milli jurnalistikamızın mənsubları ilk seçimlərini 2010-cu ildə ediblər. Seçimi zəruriləşdirən amillərə diqqət çatdırmaq istərdim. Əvvəlcə media ilə bağlı önəmli yaşantıları yada salardım. Milli mətbuatımızın 135 illik yubileyi bütün ölkədə bayram kimi qeyd olundu. Dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən Bakıda və bütün bölgələrdə çoxsaylı tədbirlər həyata keçirildi, 100-dən çox media təmsilçisi "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" fəxri adlarına, "Tərəqqi" medalına layiq görüldü. Ən böyük sevinclərdən biri Mətbuat Şurasında yaşandı. Hörmətli cənab Prezident, Mətbuat Şurasının şəxsi diqqətinizlə ərsəyə gəlmiş yeni binasının açılışını bildirən lenti kəsdiniz. Şuranın idarə heyətinin üzvləri ilə keçirdiyiniz görüşdə medianın inkişafı ilə bağlı konseptual baxışınızı ifadə etdiniz".

Ə.Amaşov bildirib ki, bu baxış Azərbaycan mediasının perspektivlərini müəyyənləşdirmək baxımından son dərəcə önəmli idi: "2010-cu il iyulun 22-də jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan Sərəncam imzalamaqla milli mətbuatımızın 135 illik yubileyi təntənəsinə yeni ovqat bəxş etdiniz. Artıq 156 mənzilli binanın sakinləri məlumdur. Bu il jurnalistlər üçün yeni yaşayış binasının təməlini qoydunuz. Daha neçə-neçə həmkarımızı onun sakininə çevirmək üçün ümidləndirdiniz, cənab Prezident. Söz yox ki, o amildə jurnalistlərimizin 2013-cü il seçiminə təsirsiz ötüşməyib. Amma qalibiyyəti yalnız bu faktla bağlamaq istəməzdim".

O qeyd edib ki, ölkə mediası sözün əsl mənasında keyfiyyət dəyişiklikləri dövrünü yaşayır. Artıq internet Azərbaycan vətəndaşlarının operativ informasiya tələbatını ödəyən dünyəvi ünsiyyət vasitəsinə çevrilibdir. Çoxsaylı internet, televiziya və radiolar on minlərlə insana yenilikləri çatdırır. "Facebook" şəbəkəsi ölkənin bir milyondan çox vətəndaşını əhatə edir. Otuz mindən çox bloqqer sərbəst və maneəsiz fikir və mülahizələrini cəmiyyətlə bölüşür. Jurnalist ictimaiyyətimiz bütün bunları, 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunmasının məntiqi nəticələrini əyani surətdə görür və dəyərləndirir. Mətbuat Şurası da fəaliyyətini zamanın tələblərinə uyğun şəkildə qurur. Bilavasitə peşəkarlıq prinsiplərinin onlayn medianı da əhatə etməsinə yönələn layihələr reallaşdırır: "Son beş ilin mühüm yeniliklərindən biri də KİV-lərə dövlət dəstəyinin sistemli mexanizminin yaranmasıdır. Bu, özünü mətbuat orqanlarının maddi-texniki bazasının möhkəmlənməsində, jurnalistlərin peşəkarlığının yüksəlməsində göstərməkdədir. Davamlı proseslər ictimai missiya yerinə yetirən jurnalistləri təkcə peşələrinə bağlamır, eyni zamanda, medianın cəmiyyətdəki nüfuzunu yüksəldir, ümumən, demokratik cəmiyyət quruluculuğunda dövlətin jurnalistikaya dəyər verdiyini, etimadını bir daha təsdiqləyir. Hamımız yaxşı bilirik ki, bütün bunların qarantı dövlətimizin başçısıdır, cənab Prezident, Sizsiniz. İnsan amilinin, dövlətin vətəndaşına qayğısının üzərində xüsusi dayanmaq istərdim. Bu qayğının sırf jurnalistə yönələn nümunəsinə "Teleqraf.az" saytının baş redaktoru Nicat Dağların şəxsində şahidlik etdik. Bir müddət əvvəl bu jurnalistimizin həyatı təhlükədə idi, cənab Prezident. Siz çox vacib bir anda insan taleyinə reaksiya verdiniz. Şəxsi göstərişiniz əsasında onun Almaniyada dövlət hesabına müalicəsi təşkil olundu. Bu gün şükürlər olsun ki, o aramızdadır. Belə həssas münasibətinizə görə, Sizə bir daha dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, jurnalistlər cəmiyyətin düşünən beynidir. Onlar hadisə və proseslərə özlərinə xas yanaşmaları ilə seçilirlər. Bu mənada Azərbaycan jurnalistləri Sizin şəxsinizdə təkcə dövlətin onlara göstərdiyi qayğını deyil, eyni zamanda, yeritdiyiniz daxili və xarici siyasət kursunu yaxından izləyirlər. Söz yox ki, onların Sizi özlərinə ikinci dəfə dost seçmələri, eyni zamanda, yüksək səriştəli dövlət adamı olmağınızdan, prinsipial dəst-xəttinizdən, Azərbaycanın dövlət müstəqilliyini qətiyyətlə qorumağınızdan, Vətənimizi beynəlxalq aləmdə layiqincə təmsil etməyinizdən, son 10 ildə ölkəmizi dinamik iqtisadi inkişaf müstəvisinə çıxarmağınızdan, bir sözlə, Azərbaycanın dünya dövlətləri arasında layiqli yerini tutmasından qaynaqlanır".
Mətbuat Şurasının sədri deyib ki, heç şübhəsiz, bütün bunlar öz nəticəsini insanların rifah halının yüksəlməsində, onların həyat şəraitinin durmadan yaxşılaşmasında göstərir. Media cəmiyyətin güzgüsüdür: "Azərbaycan cəmiyyəti 9 oktyabr seçkisində Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçdi. Sizi bu münasibətlə ölkə jurnalistləri adından bir daha təbrik edir, qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayırıq. Cənab Prezident, Siz "Jurnalistlərin dostu" mükafatının qalibisiniz. Media təmsilçilərimiz Sizi həmişə özlərinin dostu biliblər. Sizi növbəti dəfə bu mükafatın qalibi seçməklə sadiq dostlarına olan ehtiramlarını bir daha nümayiş etdiriblər. Bu dostluq media təmsilçiləri ilə hər görüşünüzdə qaldırılan məsələlərə həssas münasibətinizdən, irəli sürülən təkliflərin real, əməli iş müstəvisinə daşınmasından qaynaqlanır. Bu mərasimin də yaddaşlarda eyni ruhda qalacağına tam əminik. Sizi bir daha "Jurnalistlərin dostu" adını qazanmağınız münasibətilə ürəkdən təbrik edirik. İcazə verin, cənab Prezident, mükafatı Sizə təqdim edək".

Mətbuat Şurasının sədri Əflatun Amaşov "Jurnalistlərin dostu" mükafatını Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı mərasimdə giriş nitqi söylədi: "Hörmətli qonaqlar, media nümayəndələri. İlk növbədə yenidən məni "Jurnalistlərin dostu" mükafatına layiq gördüyünüz üçün sizə minnətdaram. Doğrudan da mənim üçün böyük şərəfdir ki, ikinci dəfə bu ada layiq görülürəm. Çalışacağam ki, bundan sonra da "Jurnalistlərin dostu" kimi Azərbaycanda azad mətbuatın inkişafı üçün səylərimi əsirgəməyim. Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini "Jurnalistlərin dostu" adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir".

Prezident bildirib ki, Azərbaycanın qarşısında isə belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır: "Bildiyiniz kimi, Azərbaycanda azad jurnalistikanın yaradılması prosesi 1980-ci illərin sonlarına təsadüf edir. Ondan sonra 1990-cı illərin əvvəllərində bu prosesə daha da böyük təkan verilmişdir. Ancaq sirr deyil ki, 1998-ci ilə qədər Azərbaycanda mediada olan senzura imkan vermirdi ki, mətbu orqanlar tam şəkildə azad və sərbəst fəaliyyət göstərsin. 1998-ci ildə ulu öndər Heydər Əliyevin qərarı ilə senzuranın ləğv edilməsi bu sahədə də dönüş yaratdı, bu sahədə də Azərbaycanın siyasətini əks etdirdi. Çünki 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın inkişaf konsepsiyası icra edilir. Bu konsepsiyanın əsas istiqamətləri bu gün artıq reallıqdır".
İlham Əliyev deyib ki, Azərbaycan dünya birliyinə inteqrasiya etməli idi. Azərbaycan öz iqtisadi potensialını azad iqtisadiyyat üzərində qurmalı idi. Azərbaycanda azad, demokratik cəmiyyət qurulmalı idi. 1998-ci ildə bu qərarın verilməsi, əlbəttə ki, təsadüfi deyildi və bir çox ölkələr üçün nümunə idi:
"Hesab edirəm ki, o gündən bu günə qədər Azərbaycanda azad medianın inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul edilmişdir. İldən-ilə bu sahəyə ayrılan dövlət diqqəti, dəstəyi artıb. Son illər ərzində, hesab edirəm ki, Azərbaycan bu sahədə müxtəlif parametrlər üzrə çox böyük irəliləyişə nail ola bilmişdir. Demokratik cəmiyyətin qurulması işində azad medianın xüsusi rolu vardır. Bu salonda əyləşən jurnalistlər, media nümayəndələri, media rəhbərləri o insanlardılar ki, Azərbaycanda azad medianın yaradılmasında xüsusi rol oynamışlar və bu gün də öz fəaliyyətlərini davam etdirirlər. Deyə bilərəm ki, bu gün bu salonda Azərbaycanda medianın inkişafı ilə bağlı istiqamətverici qurumların nümayəndələri iştirak edirlər. Əlbəttə, jurnalist cəmiyyətinin fəaliyyəti və jurnalist cəmiyyətindən cəmiyyətə gələn sifariş hesab edirəm ki, azad jurnalistikanın, müstəqil medianın yaradılmasında mühüm rol oynayır. Ancaq, eyni zamanda, dövlət siyasəti olmadan bu proseslər lazımi səviyyədə təşkil edilə bilməz. Hesab edirəm ki, Azərbaycanda bax, bu iki əsas istiqamətin birləşməsi bugünkü müsbət dinamikanı təmin etmişdir".

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda bütün azadlıqlar vardır. Azərbaycanda demokratik cəmiyyət qurulur. İqtisadi islahatlarla yanaşı, siyasi islahatların aparılması, əlbəttə ki, ölkəmizin gələcəyini müəyyən edəcəkdir: "Bu istiqamətdə atılan addımlar, hesab edirəm ki, gözəl bir nümunədir. Çünki bizim bütün istiqamətlər üzrə siyasətimiz açıqdır, aydındır. Dəfələrlə bu barədə mən fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan müasir dövlət qurur, müstəqil dövlət qurmuşdur və Azərbaycanın gələcək inkişafı iqtisadi və siyasi islahatlardan asılı olacaqdır. Mən hesab edirəm, son illər ərzində bu sahədə əldə edilmiş nailiyyətlər deməyə əsas verir ki, biz gələcəkdə də hər iki istiqamət üzrə inamla irəliyə gedəcəyik. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri artıq tam reallaşıbdır. Gələcək illərdə demokratik inkişafla bağlı aparılacaq islahatlar, hesab edirəm ki, bu sahədə də Azərbaycandakı vəziyyəti ən yüksək səviyyəyə çatdıracaqdır. Eyni zamanda, qeyd etməliyəm ki, demokratik inkişaf baxımından bu gün ölkəmiz heç bir ölkədən geridə qalmır".

İlham Əliyev bildirib ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilib:
"Hesab edirəm ki, bizim gündəlik həyatımız dediklərimi təsdiq edir. Azərbaycan o ölkələrdəndir ki, azad internet mövcuddur və internet istifadəçilərinin sayı 70 faizdən çoxdur. Heç bir məhdudiyyət yoxdur. Yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Bir sözlə, medianın inkişafı ilə bağlı dövlət tərəfindən yalnız dəstək göstərilir. Siz də qeyd etdiyiniz kimi, bəzi məsələlərdə, xüsusilə, media nümayəndələrinin məişət problemlərinin həlli işində Azərbaycan ön yerlərdədir. Bu barədə mən bu ilin yayında öz fikirlərimi bildirmişəm. Hesab edirəm ki, bu düzgün yanaşmadır. Çünki jurnalistlərin o qədər də böyük maddi imkanları yoxdur. Onlar iş adamları, başqa kateqoriyadan olan insanlar kimi öz fəaliyyəti hesabına layiqli mənzillərə sahib ola bilmirlər. Ona görə dövlət öz dəstəyini mütləq verməlidir.

Hesab edirəm ki, Azərbaycanda bütün başqa sahələrdə dinamik inkişafın təmin edilməsi üçün ictimai-siyasi sahədə də müsbət dinamika olmalıdır. Bu ilin prezident seçkiləri onu göstərdi ki, Azərbaycanda ictimai-siyasi vəziyyət müsbətdir. Cəmiyyətdə ölkəmizin ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Azərbaycan cəmiyyəti artıq əsas hədəflər üzərində səfərbər olunubdur. Müstəqillik, dövlətçilik, müasirlik prinsipləri bizim üçün üstünlük təşkil edir".
Prezident vurğulayıb ki, müstəqil Azərbaycan gənc dövlətdir, ancaq buna baxmayaraq, öz maraqlarını müdafiə etməyə qadirdir, dünya miqyasında özünəlayiq yer tuta bilibdir. İqtisadi müstəqilliyin əldə edilməsi nəticəsində siyasi müstəqillik də təmin edilir. Azərbaycan bu gün xarici siyasətlə bağlı nəinki bölgədə, regionda, dünya miqyasında öz rolunu oynayır. Daxildə gedən proseslər ölkəmizi daha da gücləndirir. Son illərdə Azərbaycanda aparılan islahatlar, həyata keçirilən infrastruktur layihələri, sosial məsələlərin həlli ölkəmizi böyük dərəcədə gücləndirmişdir: "Əlbəttə, bütün bu müsbət nəticələrlə, nailiyyətlərlə yanaşı, demokratik inkişafla bağlı irəliləyiş olmalı idi. Biz bunu görürük. Əlbəttə ki, hələ görüləsi işlər çoxdur, nöqsanlar da, çatışmayan cəhətlər də vardır. Ancaq əsas məsələ ondan ibarətdir ki, Azərbaycanın dövlət rəhbərliyində bu məsələlərlə bağlı çox dəqiq təsəvvür və çox güclü siyasi iradə vardır. Müstəqillik tarixi bir şans idi. Bu salonda əyləşənlərin əksəriyyəti sovet dövründə yaşamış, fəaliyyət göstərmiş insanlardır. Biz hamımız o illəri yaxşı xatırlayırıq. Yaxşı xatırlayırıq ki, müstəqillik Azərbaycan xalqına çox baha başa gəldi. Ona görə bu tarixi şansı biz nəinki əldən verməməliyik, heç vaxt əldən vermərik. Eyni zamanda, müstəqillik dövründən maksimum səmərə ilə istifadə etməliyik. Elə dövlət qurmalıyıq ki, bu dövlətin əsasları sarsılmaz olsun, bu dövlət daim yaşasın, Azərbaycan xalqı bundan sonra daim müstəqillik, azadlıq şəraitində yaşasın".

Dövlət başçısı qeyd edib ki, ancaq müstəqillik sadəcə olaraq dövlət atributları deyildir, müstəqil siyasət aparmaq imkanları da olmalıdır. Biz bir sıra müstəqil ölkə tanıyırıq ki, onların müstəqil siyasət aparmaq imkanları məhduddur. Azərbaycan o ölkələrdəndir ki, bütün çətinliklərə baxmayaraq, müstəqillik dövründə bu şansı əldən verməyib, dövlət müstəqilliyini möhkəmləndirə bilibdir, güclü dövlət əsasları qurulubdur, yaradılıbdır. Bu gün Azərbaycanın gələcək inkişafı ilə bağlı nə cəmiyyətdə, nə də ekspert cəmiyyətində heç bir şübhə yoxdur: "Biz yalnız inkişaf yolunu gedəcəyik, öz qüdrətimizi artıracağıq, müstəqil xəttimizi bundan sonra da aparacağıq və güclü dövlət yaradacağıq. Bu istiqamətdə artıq bir çox məsələlər öz həllini tapmışdır. Güclü dövlət quruculuğu işində demokratik prinsiplər xüsusi yer tutur. Onu da qeyd etməliyəm ki, məhz 1990-cı illərin ortalarında Azərbaycanın inkişaf konsepsiyası qəbul edilmişdir. Bu konsepsiyada azadlıqlar, demokratik inkişaf məsələləri xüsusi yer tutur. Çünki demokratik cəmiyyət qurulmasa, bizim uğurlarımızın dayanıqlılığı təmin edilə bilməz. Ona görə bir daha demək istəyirəm ki, Azərbaycan rəhbərliyində demokratiyanın inkişafı ilə bağlı çox güclü siyasi iradə vardır. Cəmiyyətin dəstəyi, o cümlədən media nümayəndələrinin fəal iştirakı ilə biz bu istiqamətdə daha da böyük uğurlara çatacağıq. Eyni zamanda, biz bütün siyasətimizi elə qurmalıyıq ki, ölkəmizin dayanıqlı inkişafı təmin edilsin. Çünki bu gün Azərbaycana qarşı dünyada çox böyük qüvvələr hərəkətə keçiblər. Əlbəttə ki, ilk növbədə erməni lobbisi Azərbaycana qarşı kampaniya aparır, mütəmadi qaydada ölkəmizi qaralamaq, ləkələmək, Azərbaycan haqqında təhrif edilmiş rəy yaratmaq üçün fəaliyyət göstərir".

İlham Əliyev deyib ki, XXI əsr informasiya mübarizəsi əsridir. İnternetin mövcudluğu əlbəttə ki, bu mübarizəni daha da kəskinləşdirir. Biz buna hazır olmalıyıq, biz öz reallıqlarımızı dünya birliyinə çatdırmalıyıq. Burada əlbəttə ki, əsas vəzifəni ilk növbədə dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi dünya birliyinə çatdırsınlar. Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir. Ona görə də biz buna hazır olmalıyıq: "Yəqin siz onu da yaxşı bilirsiniz ki, ölkəmizin uğurlu inkişafını, müstəqil siyasətini bəzi xarici dairələr qəbul etmək istəmirlər. Bəzi xarici dairələr Azərbaycana qarşı "qara piar" kampaniyası aparırlar. Xüsusilə, "Eurovision" ərəfəsində biz bunun şahidi olmuşuq. Azərbaycana qarşı düşünülmüş, koordinasiya edilmiş, məqsədyönlü qaralama kampaniyası aparılırdı və əlbəttə ki, bu məsələ də diqqətimizi çəkmişdi. Biz də öz tərəfimizdən lazımi tədbirləri gördük ki, buna son qoyulsun. Mən hesab edirəm ki, hər sahədə olduğu kimi, bu sahədə də biz müdafiə prinsipləri ilə yox, hücum taktikasından istifadə etməliyik və etdik də. Hesab edirəm ki, ölkəmizin maraqlarını və imicini qoruya bildik. Ancaq o da həqiqətdir ki, bu gün dünyada gedən proseslər, təsir uğrunda aparılan mübarizələr, - açıq və gizli mübarizələr, - əlbəttə ki, Azərbaycandan da yan keçə bilməz. Ölkəmizin önəmi, təbii resurslarımızın mövcudluğu, müstəqil siyasətimiz və öz gücümüzə olan inamımız, əlbəttə ki, Azərbaycanı bu sahədə çox cəlbedici ölkəyə çevirir. Azərbaycanı təsir altına salmaq, təzyiq etmək, öz tərəfinə çəkmək cəhdləri son 10 il ərzində durmadan aparılır. Bəzi məsələlərdən media nümayəndələri xəbər tuturlar, bəzi məsələləri onlar çox düzgün təhlil edirlər. Məhdud da olsa məlumatdan istifadə edib düzgün təhlil aparmaq üçün imkanlar vardır. Amma bir çox məsələlər cəmiyyət üçün qaranlıq olaraq qalır. Ancaq deyə bilərəm ki, bu mübarizə davam edir və Azərbaycanın müstəqil xətti, xüsusilə xarici siyasət, enerji resurslarının nəqli, daxili siyasət, Qarabağ məsələsi ilə bağlı barışmaz mövqeyi bəzi dairələri hərəkətə gətirir. Belə olan halda ölkəmizin inkişafı ilə bağlı atılan addımlarımız bəzi dairələrdə narahatlıq doğurur. Belə olan halda müxtəlif üsullardan istifadə edilə bilər və istifadə də edirlər - "qara piar" kampaniyası, ölkəmizi ləkələmək cəhdləri".

Dövlət başçısı deyib ki, Azərbaycanı qeyri-demokratik ölkə kimi təqdim etməyə çalışırlar, seçkilərlə bağlı hərdənbir, yəni beş ildə bir dəfə fürsət düşdükcə istifadə edirlər. Bütün bu reallıqları Azərbaycan cəmiyyəti bilir və bilməlidir. Belə olan halda biz özümüzü, müstəqil xəttimizi qorumaq üçün, əlbəttə ki, daha da güclü olmalıyıq. Azərbaycan cəmiyyəti iqtisadi cəhətdən, siyasi cəhətdən və ictimai fikir baxımından daha da sıx birləşməlidir:
"Hesab edirəm ki, burada medianın çox böyük rolu vardır və ola bilər. İlk növbədə hesab edirəm, əsas məsələ ondan ibarətdir ki, bizim yerli mediamız xarici təsirdən azad olsun. Əlbəttə, biz demokratik cəmiyyətdə, plüralizm şəraitində yaşayırıq, müxtəlif fikirlər, siyasi baxışlar ola bilər. Mediamızın bir hissəsi hələ ki, siyasi partiyalara bağlıdır. Bu, ayrı bir mövzudur. Mənim bu məsələ ilə bağlı öz fikirlərim vardır. İstəmirəm bu barədə geniş danışım. Amma hər halda inkişaf etmiş ölkələrin praktikası onu göstərir ki, güclü medialar siyasi təsirdən bir qədər azad olmalıdır. Ancaq hələ ki, bu, belədir. Əlbəttə ki, ölkəmizin gələcək inkişafı ilə, ölkədə aparılan siyasətlə bağlı müxtəlif fikirlər vardır və olmalıdır. Bu, təbiidir. Ancaq bir məsələdə - dövlət maraqlarımızın qorunması məsələsində, hesab edirəm ki, vahid fikir olmalıdır. Çünki Azərbaycanın gələcək inkişafı bizdən asılıdır. Azərbaycan xalqı bu gün öz taleyinin sahibidir və bizim siyasətimiz əsasında Azərbaycanın inkişafı təmin edilir. Ona görə, ilk növbədə, mediamızı xarici təsirdən azad etmək üçün əgər dövlətin əlavə dəstəyi lazımdırsa, biz bunu etməyə hazırıq.

Azərbaycanın problemləri ölkə daxilində müzakirə edilməlidir. Özünə hörmət edən hər bir cəmiyyət və ölkə məhz bu əsaslarla fəaliyyət göstərir. Biz bir çox hallarda inkişaf etmiş ölkələrin təcrübəsini əsas götürməyə çalışırıq. Orada da belədir. Bir neçə qonşu ölkədə də belədir. Azərbaycanda da belə olmalıdır. Daxili problemlər, siyasi mübarizə ilə bağlı olan məsələlər, müxalifət-iqtidar münasibətləri daxildə müzakirə edilməlidir. Bu məsələlər hüdudlarımızın kənarına çıxdıqda, ilk növbədə, Azərbaycan haqqında bir rəy yaranır ki, bu ölkədə bax, onlar özləri öz aralarında münasibətləri həll edə bilmirlər. Bu, ilk növbədədir. Ondan sonra bu, Azərbaycanın uğurlu inkişafını istəməyən qüvvələrə əlavə imkan, əlavə fürsət verir və bu fürsətlərdən istifadə edilir. Biz bunu bilirik. Biz bilirik hansı imkanlardan istifadə edilir ki, Azərbaycanın daxilində proseslər başqa istiqamətdə getsin. Ona görə, əgər jurnalistika ilə məşğul olan aparıcı simalar bu məsələdə də həmrəylik göstərərlərsə, hesab edirəm ki, bu, cəmiyyətimiz üçün də yaxşı olar. Bax, bu barədə mən öz əsas fikirlərimi bildirmək istəyirdim. Əvvəlki görüşlərimizdə də biz jurnalistikanın inkişafı ilə bağlı fikir mübadiləsi aparmışıq. Jurnalistlərin peşəkarlığı, məsuliyyəti, dəqiq informasiyanın ötürülməsi - bütün bu məsələlər çox vacibdir. Siz özünüz də bunu hamıdan yaxşı bilirsiniz. Bilirəm ki, bu məsələlər Mətbuat Şurasında mütəmadi qaydada müzakirə edilir".

İlham Əliyev bildirib ki, Azərbaycan mediası daim inkişaf etməlidir. Əgər biz keçmiş illərə nəzər salsaq görərik ki, son illərdə Azərbaycan jurnalistikası doğrudan da böyük yol keçmişdir: "Bu, sadəcə xoş sözlər deyil, bu, həqiqətdir. Əgər 15 il bundan əvvəlki qəzetləri vərəqləsək görərik ki, orada daha çox böhtan, təhqir, iftira mövzuları üstünlük təşkil edirdi. Bəzi hallarda bu, bu gün də vardır. Ancaq onların miqdarı xeyli azalıbdır. Ona görə məsuliyyət və peşəkarlıq, dəqiq informasiya mütləq hər bir medianın imicini göstərir. Eyni zamanda, əlbəttə ki, cəmiyyətdə mövcud olan problemlərlə bağlı media daim öz sözünü deməlidir. Dövlət maraqlarının təmin edilməsi, o cümlədən nöqsanların aşkarlanmasından keçir. Azərbaycanda xoşagəlməz halların mövcudluğu barədə mediada kifayət qədər dolğun məlumatlar vardır. Mən bunu alqışlayıram. Xüsusilə, bürokratiya, korrupsiya, rüşvətxorluq, özbaşınalıq, yekəxanalıqla bağlı olan mövzular, araşdırmalar bizim ümumi işimizə dəstək verir. Milli mənəvi dəyərlərlə bağlı olan məsələlər, bəzi məmurlar tərəfindən bu dəyərlərə məhəl qoyulmaması - bütün bunlar diqqət çəkir. Eyni zamanda, media qurumlarının bu məsələlər ətrafında işləmələri diqqəti bu məsələlərə yönəldir və istər-istəməz müsbət təsir göstərir. Ona görə cəmiyyətin yaralarını aşkarlamaq, sağaltmaq üçün biz birlikdə çalışmalıyıq. Mən hesab edirəm ki, medianın bu funksiyası da çox önəmlidir.

Ümid edirəm ki, xoşagəlməz halların sayı gələcəkdə ölkəmizin sürətli və hərtərəfli inkişafı hesabına azalacaqdır. Hər halda biz buna çalışırıq, çalışmalıyıq. Bir daha demək istəyirəm ki, biz müasir dövlət qururuq. Müasir dövlət quruculuğu üçün bizim bütün imkanlarımız vardır. İlk növbədə, biz siyasi iradəmizi, müstəqil siyasətimizi davam etdirməli, eyni zamanda, dünyadakı müsbət praktikanı Azərbaycanda tətbiq etməliyik. Burada mən heç bir problem görmürəm. Bizim şəraitimizə, milli adətlərimizə uyğun ən mütərəqqi təcrübə Azərbaycanda tətbiq edilməlidir. Ona görə inkişaf etmiş ölkələrin, xüsusilə, demokratik inkişafla, media azadlıqları ilə bağlı təcrübəsi bizim üçün çox maraqlıdır, cəlbedicidir. Biz bu təcrübədən istifadə edirik və edəcəyik.

Mən bu mükafata görə bir daha sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən ikinci dəfə bu yüksək ada layiq görülürəm. Bu, mənim üçün böyük şərəfdir. Mənim həyatımda çoxlu mükafatlar, təltiflər olubdur. Ancaq Azərbaycan mediasının mükafatı onların içində xüsusi yer tutur. Jurnalistlərin dostu kimi çalışacağam ki, bundan sonra da azad jurnalistikanın inkişafı üçün öz səylərimi əsirgəməyim. Mən dostluqda sadiq adamam və hesab edirəm ki, bizim dostluğumuz bundan sonra da uğurla davam edəcəkdir. Sağ olun".

Qalereya




Teqlər:





Xəbər lenti