Daha 154 güzəştli mənzil satıldı

   Daha 154 güzəştli mənzil satıldı
  29 Aprel 2019    Oxunub:2194
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzilin, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə 154 mənzilin satışı prosesinə 29.04.2019-cu il tarixində saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə başa çatdırılıb.
MİDA-dan Azvision.az -a verilən məlumata görə, satışa çıxarılan 154 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 11003 nəfərdir.

Bugünkü satış zamanı 154 mənzilin seçimində iştirak edənlərin sayı 4624 nəfər olub. Bu isə güzəştli mənzillərə vətəndaşların tələbatının və marağının yüksək olduğunun göstəricisidir. Bu saata olan məlumata görə seçilmiş 154 mənzilin 147-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib. Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də seçim prosesini canlı müşahidə edənlər arasında idi.

Azvision.az


Teqlər: MİDA   Ev   Yasamal  





Xəbər lenti