Əfqanıstan üzrə sülh danışıqları ləğv olundu
“Taliban”ın sözçüsü Zabiyulla Mücahid bəyan edib ki, hərəkatın liderləri Əfqanıstan nümayəndə heyətinin sayı və tərkibini təqdir etməyiblər.
“Onların (Əfqanıstan hökuməti) heyətində bəzi nümayəndələrin iştirakı əvvləcədən razılaşdırılmış siyahıya tamamilə zidd idi. Çünki nümayəndə heyətinin tərkibinə hökumətə işləyən əfqanlar da salınmışdı” – Mücahid vurğulayıb.
Bildirilir ki, Əfqanıstanın nümayəndə heyətinin tərkibinə sentyabrdakı prezident seçkiləri ərəfəsində ölkə rəhbəri Əşrəf Qaninin cəbhəsinə keçməyə tərəddüd edən nüfuzlu siyasi fiqurlar da salınmayıb.
Qeyd edək ki, ötən gün Əşrəf Qani danışıqlarda iştirak edəcək 250 nəfərlik Əfqanıstan nümayəndə heyətinin tərkibinə bəzi hökumət rəsmilərinin də salındığını demişdi.
Adının çəkilməsini istəməyən qərbli diplomat isə yeni görüşün tarixi barədə müzakirələrin aparıldığını deyib: “Bu görüşün baş tutması üçün Əfqanıstan hökuməti öz nümayəndə heyətinin tərkibini dəyişməlidir.”
Xatırladaq ki, “Taliban” qruplaşması hökumətlə birbaşa dialoqdan dəfələrlə imtina edib və bunu Əfqanıstan hökumətinin “ABŞ-ın kuklası” olması ilə izah edirlər. Onlara görə, hökumətlə birbaşa rəsmi danışıqlara başlamazdan əvvəl bir sıra şərtlər yerinə yetirilməli, xüsusən də, ABŞ başda olmaqla bütün xarici silahlı qüvvələr Əfqanıstandan tam çıxarılmalıdır. Bu səbəbdən də, “Taliban” indiyədək əsasən ABŞ rəsmiləri ilə bir neçə mərhələdə görüşlər keçirib.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Taliban Əfqanıstan ABŞ