ABŞ Qarabağ danışıqlarının Vaşinqtonda keçirilməsini təklif edib

ABŞ Qarabağ danışıqlarının Vaşinqtonda keçirilməsini təklif edib
  18 Aprel 2019    Oxunub:2730
ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar prosesi çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün Vaşinqtonda keçirilməsini təklif edib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Varşavada polşalı həmkarı Yaçek Çaputoviç ilə görüşdən sonra keçirdiyi brifinqdə bəyan edib.

“XİN rəhbərlərinin son görüşü rusiyalı həmkarım Sergey Lavrovun təşəbbüsü ilə Moskvada keçirildi. Rusiya ilə birlikdə səylərimizin ikiqat-üçqat artırılması nəticəsində münaqişənin nizamlanması istiqamətində irəliləyişə nail olunmasına ümid edə bilərik. Ötən axşam Vaşinqtona ziyarətlə bağlı ABŞ-dan təklif gəldi və oradakı görüşdə ABŞ dövlət katibi də münaqişənin həllində sıçrayışa nail olunması üçün öz səylərini göstərəcək” – Məmmədyarov vurğulayıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin son görüşü 15 apreldə Moskvada keçirilib. Danışıqlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edib. Üçtərəfli görüşdən sonra nazirlər danışıqların yekunu ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda görüş iştirakçılarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının başlıca aspektləri barədə hərtərəfli fikir mübadiləsi apardıqları qeyd olunub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Ermənistan   ABŞ   Rusiya   DağlıqQarabağ  





Xəbər lenti