“Türkiyənin NATO üzvlüyü sual altına qoyula bilməz” – Ankara

   “Türkiyənin NATO üzvlüyü sual altına qoyula bilməz” –    Ankara
  17 Aprel 2019    Oxunub:1172
Rəsmi Türkiyənin NATO-ya üzvlüyünün sual altına qoyulmasına heç zaman icazə verməyəcək. Azvision.az xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Anadolu agentliyinə müsahibəsində bu cür bəyanatla çıxış edib.
Onun sözlərinə görə, Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması və ya “F-35” qırıcı təyyarələrinin istehsalı proqramı kontekstində kimlərinsə Türkiyənin NATO-dan kənarlaşdırılması məsələsini müzakirəyə çıxarması qəbuledilməzdir.

“Türkiyə NATO-nun tamhüquqlu üzvüdür və alyansın istənilən qərarlarının qəbulunda səs vermək hüququna malikdir. NATO-nun üzvü kimi Türkiyə bundan sonra da alyansdakı mövqelərini gücləndirəcək. Hazırda Ankara ilə Vaşinqtonun münasibətlərində bir çox məsələlərlə bağlı fikir ayrılıqlarına görə çətin dövr yaşanır. Bu, təkcə “S-400” barədə müqavilə və ya “F-35” təyyarələrinin tədarükü ilə əlaqədar deyil. Tərəflərin mövqeyi Suriyadakı münaqişənin nizamlanması və Fətullah Gülənin terrorçu cərəyanları ilə mübarizə məsələlərində də fərqlənir. Ölkələrimiz arasındakı dialoqda başlıca problemlər Vaşinqtonun YPG/PKK terrorçularını dəstəkləməsi və Gülənin Türkiyəyə təhvil verilməsi prosesinin uzadılması ilə bağlıdır” – Kalın vurğulayıb.

Ərdoğanın sözçüsü onu da bildirib ki, Türkiyə çoxvektorlu xarici siyasət kursu yürüdür və NATO-ya daxil olmayan ölkələrlə əməkdaşlığın inkişafında maraqlıdır: “Türkiyə üçün Rusiya ilə münasibətlər ABŞ və ya Avropa İttifaqı ilə dialoqa alternativ deyil. Necə ki, Qərblə münasibətləırimiz də Rusiya ilə əlaqələrimizə alternativ deyil.”

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   NATO   ABŞ   S-400  





Xəbər lenti