Dünyanın ən irimiqyaslı seçkiləri

 Dünyanın ən irimiqyaslı seçkiləri
  17 Aprel 2019    Oxunub:2258
266 milyon nəfərlə dünyanın 4-cü ən çox əhalisinə malik müsəlman ölkəsi olan İndoneziyada prezident, parlamentin hər iki palatası və yerli hakimiyyət orqanlarına keçirilən seçkilər başa çatıb.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, bu dəfəki seçkilər nəinki İndoneziya, bütövlükdə dünyanın ən iri miqyaslı seçkiləri olub. Çünki səsvermə hüququna malik 190 milyon 779 min 969 seçici birbaşa seçkilər yolu ilə təkcə ölkə prezidentini yox, həm də 16 partiyanı təmsil edən təqribən 20 min qanunvericini seçib.

Prezidentlik uğrunda hazırda bu vəzifəni icra edən Demokratik Mübarizə Partiyasının üzvü Coko Vidodo ilə əsas müxalif Böyük İndoneziya Hərəkatı Partiyasının sədri, ehtiyatda olan general Prabovo Subianto mübarizə aparırlar. Onlardan birinin seçiləcəyi təqdirdə, 2024-ci ilə qədər ölkəni idarə edəcəklər. Onu da deyək ki, Coko Vidodo İndoneziyanın hərbi və elit keçmişə malik olmayan ilk prezidentidir.



Parlament seçkisində isə aşağı palata olan Xalq Nümayəndələr Şurasının 575 və yuxarı palata - Regional Nümayəndələr Şurasının 136 deputat yeri, eləcə də əyalət, rayon və kəndlərin yerli idarəçilik orqanlarındakı 19 min 817 mandat uğrunda 16 siyasi partiyanı təmsil edən ümumilikdə 245 min 106 namizəd mübarizə aparır.

İndoneziyadakı seçkilərin ilkin nətcələri bu axşam açıqlanacaq. Yekun rəsmi nəticələr isə 25 apreldə bəyan ediləcək.

Qeyd edək ki, İndoneziyada seçkilər bir mərhələdən ibarətdir və sadə çoxluq qazanan namizəd qalib hesab olunur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Seçki   İndoneziya  





Xəbər lenti