Parisin yanan simvolu: 856 yaşlı Notr-Damın tarixçəsi - FOTOLAR

Parisin yanan simvolu:  856 yaşlı Notr-Damın tarixçəsi -  FOTOLAR
  16 Aprel 2019    Oxunub:8729
Ötən gün Fransanın paytaxtı Parisin ən qədim tarixi abidələrindən biri, məşhur Paris Notr-Dam kilsəsində güclü yanğın olub. İlkin məlumata əsasən, yanğın katedralda aparılan yenidənqurma işləri ilə əlaqədar baş verib. Tarixi abidədə qeydə alınan yanğın təxminən 9 saat sonra söndürülüb. Rəsmi şəxslər kilsənin təmiri üçün beynəlxalq yardım kampaniyası başladacaqlarını açıqlayıblar.


AzVision.az -ın məlumatına görə, 856 il tarixi olan Paris Notr-Dam kilsəsi dünyanın mədəniyyət incisi adlandırılır və Fransa paytaxtının başlıca simvolu hesab edilir.

Notr-Dam Paris arxiyeparxiyasının kafedral kilsəsidir. O, Parisin ilk xristian kilsəsi hesab edilən, Müqəddəs Stefan bazilikasının yerində, daha doğrusu Site adasının şərq hissəsində, dördüncü şəhər dairəsində II Jan-Paul meydanında yerləşir. Qotik üslublu kilsə 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə ucaldılıb.



Kilsə tam bir memarlıq üslubundan deyil. Belə ki, kilsədə həm erkən qotik memarlıq üslubu, həm də XIII əsr qotik memarlıq üslubu cəmlənib. Transeptin hər iki tərəfindəki qızılgül pəncərələri öz həcmlərinə görə Avropada ilk sıradadır və onların diaqramları 13 metrdir. Kilsənin inşası tamamlandığında kilsə qərbin ən böyük kilsələrindən biri olub. İnqilabi mübarizədən sonra 1844 - 1864-cü illərdə arxitekt Violle-le-Dükün rəhbərliyi altında kilsə restavrasiya olunub və kilsə memarlığına yeni motivlər əlavə edilib.



Kilsə yarandığı tarixdən etibarən Parisin ən simvolik memarlıq abidələrindən biri olub. Öz memarlığı ilə fərqlənən kilsə uzun müddət Paris memarlığında birinciliyi öz əlində saxlayıb və kralların tac geyindiyi Reyms Notr-Dam kilsəsi, Amyen Notr-Dam kilsəsi və Bove Notr-Dam kilsələri ilə müqayisə edilib.



Özündə həm dini, həm də tarixi motivləri ehtiva edən kilsələr, Fransa tarixinin müəyyən epizodları ilə yaxından əlaqəlidirlər. Belə ki, kilsələr 1239-cu ildə Müqəddəs Tacın orta əsrlər Kral kilsəsinə gətirilməsi, 1804-cü ildə Napoleonun tacqoyma mərasimi, Bordo hersoqunun vaftiz edilməsi, Adolf Tier və Sadi Karnonun dəfn mərasimləri kimi tarixi hadisələri özündə cəmləşdirir. 26 avqust 1944-cü ildə Parisin azad edilməsi günündə general Şarl de Qollun hüzurunda Maqnifikat sərgilənir. Dini mərasimlərə 1970-ci il 12 noyabrda Şarl de Qollun ölümü, 1974-cü il 6 apreldə Jorj Pompidunun ölümü və 1996-cı il 11 yanvarda Fransua Mitteranın ölümü kimi hadisələr daxildir.

Dahi fransız yazıçısı Viktor Hüqonun eyniadlı tarixi romanı sayəsində kafedral dünyanın ən tanınmış abidəsinə çevrilib.



Kilsəni (eyni zamanda kiçik bazilikanı) il ərzində 20 milyondan çox insan ziyarət edir. 2013-cü ildə kilsənin tikintisinin başlanmasının 850 illik yubileyi qeyd edilib.





Kənan Məmmədov
Azvision.az


Teqlər: Notr-Dam   Yanğın   Kilsə  





Xəbər lenti