“Qazprom Ermənistan”da kütləvi ixtisarlar başlayır

“Qazprom Ermənistan”da kütləvi ixtisarlar başlayır
  12 Aprel 2019    Oxunub:1734
“Qazprom Ermənistan” şirkətinin rəhbərliyi işçilərin kütləvi ixtisarı məsələsini müzakirəyə çıxarıb.

Azvision.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan”ın mətbuat xidmətindən erməni mətbuatına verilən açıqlamada deyilir.
“Hazırda kompleks məsələlər, o cümlədən də vəsaitlərə qənaət edilməsi məsələsi ətrafında müzakirələr aparılır. Gündəlikdə həmçinin, işçilərin ştat qeydiyyatına yenidən baxılması da var”, – deyə şirkətdən bildirilib.

Qeyd edək ki, “Qazprom Ermənistan”ın işçilərin sayında ixtisar edəcəyilə bağlı erməni KİV-də məlumatlar yayılsa, bu, həmin informasiyaların doğruluğunu təsdiq edən ilk rəsmi açıqlama olub.

Erməni mətbuatı yazır ki, Rusiya Ermənistana satdığı təbii qazın min kubmetrinə görə qiymətini 15 dollar artırdığından "Qazprom Ermənistan" şirkəti artıq qəpikləri də saymağa başlayıb. Belə ki, Ermənistan hökuməti qiymət artımını kompensasiya etməyi "Qazprom Ermənistan"ın boynuna qoyub və bu səbəbdən şirkət artıq zərərlə işləyir.

Ermənistan rəhbərliyi həmçinin, vergidən yayınmaqda ittiham etdiyi "Qazprom Ermənistan" şirkətinin sahiblərindən bütün işçilərin qeydiyyata alınmasını tələb edib. Şirkət isə bunlardan çıxış yolunu 1500-dək əməkdaşından qurtulmaqda görür.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Qazprom   Rusiya  





Xəbər lenti