“Wikileaks”in rəhbəri həbs olundu - VİDEO

  “Wikileaks”in rəhbəri həbs olundu -  VİDEO
  11 Aprel 2019    Oxunub:5084
“Wikileaks” saytının qurucusu, ABŞ diplomatlarının sirrləri, Amerikanın yüksək vəzifəli şəxslərinin korrupsiya əməlləri və məxfi dinləmələri, casusluq qalmaqalları, həmçinin, ABŞ-ın hərbi cinayətlərilə bağlı çox sayda olduqca məxfi sənədləri aşkarlayaraq dünya ictimaiyyətinə yayan avstraliyalı jurnalist Culian Assanj Ekvadorun Londondakı səfirliyində həbs olunub.
Azvision.az London polisinin bəyanatına istinadən xəbər verir ki, buna səbəb Ekvador hökumətinin 7 ildir diplomatik missiyanın ərazisində yaşayan Assanjın sığınacaq hüququnu ləğv etməsidir. Ekvador tərəfi öz qərarını avstraliyalı jurnalistin beynəlxalq konvensiyaları və diplomatik protokolu dəfələrlə pozması ilə izah edib.



London polisi bəyan edib ki, Assanjın həbsi 2012-ci ilin iyununda Vestminster magistral məhkəməsinin çıxardığı əmrə əsasən icra olunub və tezliklə məhkəmə qarşısına çıxrılanadək avstraliyalı jurnalist Londonun mərkəzindəki polis məntəqələrindən birində saxlanılacaq.

Qeyd edək ki, 2012-ci ildən etibarən Ekvadorun Böyük Britaniyadakı səfirliyində sığınacaq alan və 2017-ci ilin dekabrında Ekvador vətəndaşı olan Assanj ötən ilin payızında bu ölkənin Xarici İşlər Nazirliyini məhkəməyə vermişdi. Səbəb səfirlikdə yaşadığı müddətdə onun barəsində siyasətə qarışmamaq, ziyarətçi qəbul etməmək, ya da əlaqələrinin məhdudlaşdırılması kimi qərarlar verilməklə konstitusion hüquqlarının pozulmasıdır.

Lakin daha sonra keçirilən məhkəmə iclasında Ekvadorun dövlət prokuroru İniqo Salvador Assanjın şikayət və iradlarını rədd edərək bildirib ki, qaydalara riayət edəcəyi təqdirdə istədiyi qədər səfirlikdə qala bilər. Assanj isə hesab edir ki, məhz ABŞ-ın təzyiqləri səbəbindən Ekvador onun Londondakı səfirliyində sığınmasına son verməyi planlaşdırır. O, hətta vurğulamışdı ki, Ekvadorun prezidenti Lenin Moreno bu barədə artıq qərar da qəbul edib, lakin rəsmi olaraq hələ bəyan edilmir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Assanc   Wikileaks   ABŞ   Britaniya  





Xəbər lenti