Aİ zirvə toplantılarını Britaniyasız keçirəcək

   Aİ zirvə toplantılarını Britaniyasız keçirəcək
  11 Aprel 2019    Oxunub:1644
Ötən gün “Brexit”lə bağlı Brüsseldə keçirilən fövqəladə sammitdə bundan sonra Avropa İttifaqının (Aİ) digər 27 üzv dövlətinin keçirəcəkləri yüksək səviyəli zirvə görüşləri və iclaslarında Böyük Britaniyanın iştirak etməməsinə dair Fransa prezidenti Emmanuel Makronun tələbi yerinə yetirilib.
Azvision.az xəbər verir ki, bu barədə “EurActiv” qəzeti məlumat yayıb.

“Brüsseldə Fransanın tələbi nəticəsində Aİ sammitlərinin Böyük Britaniyasız keçirilməsi ilə bağlı qərar verildi. Simvolik xarakterli bu qərar o anlama gəlir ki, “boşanma” (Britaniyanın Aİ-dan ayrılması) prosesində geriyə dönüşü olmayan bir nöqtəyə gəlinib və artıq Böyük Britaniya İttifaqın digər üzv ölkələri ilə eyni səviyyədə deyil” – qəzet yazıb.

Aİ-nın “Avropanın gələcəyi” mövzusunda keçiriləcək növbəti sammiti mayın 9-da Rumıniyanın Sibiu şəhərində keçiriləcək.

Qeyd edək ki, ötən gün Brüsseldə davam edən bir neçə saatlıq gərgin müzakirələrdən sonra Aİ-na üzv 27 ölkənin liderləri “Brexit” tarixinin yenidən və uzun müddətə təxirə salınması məsələsini razılaşdırıblar. Sammitdən sonra çıxış edən Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bəyan edib ki, Britaniya ən gec oktyabrın 31-nədək Avropa İttifaqı ilə vidalaşmalı və ölkə parlamenti “Brexit” sazişini təsdiqləməlidir. Əks təqdirdə, noyabrın 1-də sazişsiz “sərt Brexit” qaçılmaz olacaq. Bu, Londona verilən son şansdır.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı   Fransa  





Xəbər lenti