Britaniya AP seçkilərində iştirak edə bilər

Britaniya AP seçkilərində iştirak edə bilər
  05 Aprel 2019    Oxunub:2111
Əgər mayın 23-dək Avropa İttifaqını tərk edə bilməsə, onda Böyük Britaniya Avropa parlamentinə keçiriləcək seçkilərə hazırlığı davam etdirəcək.
Azvision.az xəbər verir ki, bu barədə Britaniyanın baş naziri Tereza Mey Avropa İttifaqı Şurasının prezidenti Donald Tuska ünvanladığı yazılı məktubda bildirib.

“Britaniya hökuməti 2019-cu ilin 23 mayınadək Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasına imkan verən qrafiki razılaşdırmaq və bununla da, Avropa Parlamenti seçkilərində iştirak etməmək istərdi. Amma əgər bu mümkün olmasa, onda seçkilərin keçirilməsi üçün məsuliyyətli hazırlığı davam etdirəcək” – Mey yazıb.

Britaniyanın baş naziri həmçinin, parlamentin “Brexit” sazişini hələ də təsdiqləmədiyinə görə təəssüfləndiyini deyib.

Qeyd edək ki, bundan əvvəl Meyin Tuska ünvanladığı məktubda “Brexit” tarixinin iyunun 30-dək təxirə salınmasını xahiş etdiyi bildirilib. Səbəb isə, 12 apreldə İttifaqdan “sərt Brexit” yolu ilə, yəni sazişsiz ayrılmadan yayınmaq naminə ötən gün Britaniya parlamentinin qəbul etdiyi yeni qanun layihəsində baş nazir Meydən “Brexit”in təxirə salınmasına nail olmasının tələb edilməsidir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Avropa   Britaniya  





Xəbər lenti