Dirçəliş gününə diriliş arzusu

Dirçəliş gününə diriliş arzusu
  18 Noyabr 2013    Oxunub:1337
Fazil Mustafa

Milli Dirçəliş günü olaraq tanıdığımız və rəsmiləşdirdiyimiz növbəti 17 noyabr təqvim tarixi arxada qaldı. Xatırlayacağımız anılar çoxdur. Universitet yataqxanasındakı otaqlarımızda hazırlanan ssenarilər, qətnamələr, plakatlar bu gün üçün artıq maraqlı tarix epizodları sayıla bilər. O zaman tələbə yataqxanasından başlayan bu yürüşün izdihamlı bir hərəkata dönə biləcəyini proqnozlaşdırmaq çox çətin idi. Bu, bir xalqın həm ən izdihamlı qürur anı, həm də ayıb anı idi.
Hamı yığışdı meydana, çoxaldı, milyonu aşdı və bu milyonu aşan sayı hesablayan hər birimizin gözlərimiz yaşardı. Bundan sonra isə nə etməli olduğumuzu düşünməyə başlayanda, baxdıq ki, gizli, açıq heç bir planı düşünüb hazırlamamışıq ötən illər ərzində. Nə kommunist elitasının, nə hərəkat elitasının qafasında hazır heç bir proqram, yol xəritəsi yoxdur. Kimsə anlada bilmədi ki, Qarabağ üçün mübarizənin yeri bu meydan deyil, emosiyaları, duyğuları buraya buraxmaqla Qarabağın xilasına yardım etmirik. Ancaq ağıllı təşkilatlanmaqla, Qarabağda sayca çoxalmaqla, kimsəyə arxayın olmadan hər kəndi, şəhəri özünü qorumağa hazırlaşdırmaqla xilas edə bilərik Qarabağı. Vahid bir proqram sənədi oxuyub bütöv orqanizm kimi ayrılmadıq meydandan. Əvəzində ayıb günümüz o oldu ki, sovet əsgəri 18-ci gün gəlib öləziyən meydanı təmizlədi. Bu yekun əgər bizim dirçəlişimiz sayılırsa, o zaman hesabla belə bir dirçəlmənin sayəsində bu gün gəldiyimiz məsafədə arxamızca bu qədər itki, günah, hətta zibil yığnağı buraxıb gəlməməliydik.

Azərbaycanda müstəqillik, qurtuluş, müstəqilliyin bərpası, dirçəliş, həmrəylik kimi adlarla rəsmiləşdirilən bayramlar içində bəlkə də bu günə, yəni Milli Dirçəliş gününə qarşı cəmiyyətin bir anti-bayram biganəliyini hiss edirsən. Bəlkə də bu yanaşma əsassız deyil. Müşahidəm onu göstərir ki, Azərbaycan cəmiyyəti haqlı olaraq həmin gün hansı dirçəlişin baş verdiyini təsəvvür edə bilmir. Dirçəlişin lüğəti mənasına baxmamışam. Açılışını anlaşılan dildə belə vermək mümkündür: dirçəlmək - fiziki proses olaraq oturmaqla qalxmağın arasındakı bir hərəkət epizodudur. Ancaq mütləq mənada bir hərəkətlənmə deyil. Dirçəlmək hələ qalxmaq üçün bir zəmin yaratmaq mənasına da gəlmir. Nemətin vaxtilə yumora çevrilmiş sözünü xatırlatmadan keçmək istəməzdim. Ona irad bildirirdilər ki, meydana yığılmış insanlara elə hey “Otur! Qalx!” deyirdin, maraqlı cavab vermişdi ki, mən “Otur! Qalx!” deyirdim, siz isə o zamandan oturdunuz və ümumiyyətlə, qalxmadınız. Bəlkə də bu yumorla əlaqələndirsək, dirçəliş - oturmaqla qalxmaq arasındakı bir tərəddüd vəziyyətidir. Onsuz da cəmiyyətimizin mütləq çoxluğu Allahla iblis arasındakı tərəddüd vəziyyətində get-gəl etdiyi bir görünüşdədirsə, o zaman söhbət mövzusu olan bu sayaq dirçəlişimizin də fərqli bir vəziyyətə gətirib bizləri yetişdirməsi inandırıcı görünməzdi.

Bizim saxta dəyərlər istehsal etməyə alışmış qafamız aradan illər keçməsinə, başımızın daşdan-daşa dəyməsinə baxmayaraq, hələ də ideallarımızda, dəyərlərimizdə heç bir formanın öz məzmununa uyğun gəlməsini təmin edə bilmir. Milli Dirçəliş gününü rəsmi bayram olaraq qeyd edirlər, ortada isə öz taleyinə, gələcəyinə seyrçi kimi baxan böyük bir insan kütləsi görürsən. Nə fiziki, nə mənəvi mənalarda dirçəliş ruhunu hiss etmirsən insanların üzündə. “Dirçəlmiş bir millətin torpağını hansı güc 20 ildən artıq bir müddətdə işğalda saxlaya bilərdi?” deyə verilə biləcək suala gərək heyrətlənməsin kimsə.
Diqqət yetirin, 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi rəsmiləşdirilir, dövlət olaraq bu həmrəyliyin hüquqi əsasını yarada biləcək ikili vətəndaşlığı qəbul etməkdən yayınırıq. Azərbaycanın güneyindən gəlmiş tələbələr ali məktəbin müəyyən etdiyi təhsil haqqını ödəyə bilməyərək təhsilini yarımçıq qoyub geri dönürlər, həmrəylikdən danışırıq. Rusiyada o boyda azərbaycanlını qanına qəltan edirlər, min nəfər bir araya gəlib həmrəylik göstərə bilmir. O qürbət yerdə şəmkirli ilə lənkəranlının, ağdamlı ilə naxçıvanlının həmrəyliyini yarada bilmirsən, dünya azərbaycanlılarına həmrəylik nağılı oxuyursan. O zaman bu həmrəyliyin saxta bir çağırış olmadığına insanı necə inandıra bilərsən?

Dirçəliş günündə yerimdən azacıq dirçəlmişdim ki, Türkiyənin televiziya kanallarının birində bir müğənni ilə gedən müsahibə diqqətimi çəkdi. Tanınmış müğənni Gülbən Ərgən idi. Söyləyirdi ki, öz vəsaitim hesabına 17 ana okul (yəni bizim anladığımız şəkildə məktəbəqədər tədris müəssisəsi) inşa etdirib, Təhsil Nazirliyinə təhvil vermişəm və bu işləri də davam etdirəcəyəm. Xatırladığım qədər bu cür işlərdə Türkiyədə sənət adamları arasında maraqlı bir yarışma gedir. Bildiyim qədər, onların da çılpaq şəkilləri, sevgi macəraları, uyğunsuz hərəkətləri qəzetlərdə manşetə çıxarılır, sosial şəbəkələrdə yayılır. Bəyənməsək də, bu, bir qisim insanların həyat tərzidir və əsrlər boyu hər bir cəmiyyətdə belə hallar var olub, bundan sonra da olacaqdır. Ancaq düşüncə tərzində olan bir məqama görə, onlara xoş duyğular bəsləməyə bilmirsən. 17 bağça inşa edib insanlara təmənnasız verməkdən gözəl hansı addım ola bilər? Budur Milli Dirçəliş” Günsüz, ilsiz, tarixsiz! Çılpaq şəkillərinə baxıb, yalançı əxlaqsevərliklə “Ayıb olsun!” deyə biləcəyiniz birisi sanki içi bəndəniz qarışıq hər kəsə başqa bir məzmunda söz çatdırır: “Öz vəsaitinizlə bir dənə də bağça, məktəb açmamısınız, ayıb olsun sizlərə!”

Bizdə də sənət adamlarının çılpaq şəkillərini yerləşdirməkdən zövq alan xəstələr bəlkə onların da əgər varsa, gördükləri bu yönlü işlərlə bağlı bilgiləri cəmiyyətlə paylaşsınlar? Bəlkə bu işləri görmək üçün onları təşviq etsinlər, həvəsləndirsinlər və ayıbın adamların ayıb yerində deyil, etməsi lazım olan əməlləri etməməsində olduğunu diqqətə çatdırsınlar.

Bu tarixin yaranmasında xüsusi rolu olanlardan biri kimi deyirəm - bir milyon adamın bir meydana milli və ya siyasi həmrəylik duyğusu ilə yığışması özlüyündə dirçəliş demək deyil. Oradan həmin dövrdə Baltikyanı ölkələrdə olan sanballı təşkilat və dəqiq işlənib hazırlanmış yol xəritəsi ilə çıxan bir millət bu Dirçəlişi bayram olaraq hər bir Vətən övladına ərməğan edə bilərdi. Ən əsası isə bu tarixin yekununda itirilən Qarabağ adında Vətən torpağının böyük bir parçası varsa və 20 ildir bu işğala son qoymağa ağlımızı işlədərək çözüm yolu tapa bilmiriksə, özümüzə “Dirçəlmişik!” deyib təsəlli vermənin nə adı var?

Kəlimə olaraq mən Dirçəlişi deyil, Dirilişi sevirəm. Qurani-Kərimdə “ölümdən sonrakı diriliş”dən bəhs edilir. Diriliş yenidən doğulmaq mənasına gəlmir. Bəlkə də bizə ölümdən əvvəl diri olduğumuzu dünyaya isbatlamağa daha çox ehtiyac var. Yaxşı ki, bu adda bayramımız yox. Arxayın olub, dirçəlmədiyimiz kimi, həmrəy olmadığımız kimi, dirilməyəcəkdik!

Oturub qalxmayan Azərbaycanı dirilənlər çoxalaraq dirçəldəcək...


Teqlər:





Xəbər lenti