İrəvan Rusiyadan alacağı iki qırıcının pulunu oliqarxlara ödətdirib

İrəvan Rusiyadan alacağı iki qırıcının pulunu oliqarxlara ödətdirib
  03 Aprel 2019    Oxunub:2502
Ermənistanın “kreditlə” Rusiyadan aldığı silahların, konkret olaraq isə, tədarük olunacaq 2 ədəd “Su-30SM” qırıcı təyyarələrinin pulunu rəsmi İrəvan məcburən erməni oliqarxlara ödətdirib.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Jamanak” qəzeti etibarlı mənbələrinə istinadən yazıb.
“Təyyarələr üçün Rusiyaya ödənilən nəğd vəsait oliqarxların könüllü və məcburi şəkildə Ermənistan Müdafiə Nazirliyinə verdiyi pullar hesabına toplanıb. Məcburən pulları əllərindən alınan həmin oliqarxların sırasında Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Saşik Sarkisyan da var. Bununla belə, konkret hansı məbləğdə vəsaitdən söhbət getdiyini aydınlaşdıra bilmədik” – qəzet yazıb.

Həmçinin qeyd olunub ki, İrəvanın silah pulunu zorla oliqarxlardan yığması həm də dövlət borcu 7 milyard dollara çatan Ermənistanın büdcəsində ciddi vəsait çatışmazlığından və bu fonda artıq Moskvanın da verdiyi “kreditləri” tələb etməsindən xəbər verir.

Bundan əvvəl rusiyalı tanınmış hərbi ekspert Pavel Felqenhauer bəyan etmişdi ki, Ermənistana silah tədarükü üçün Moskvanın ayırdığı 100 milyon dollarlıq kredit “Su-30SM” qırıcılarının əldə edilməsi üçün çox azdır: “Zenit raket kompleksləri, artilleriya vasitələri və təyyarələr almaq istəyirsinizsə, o zaman 10 dəfə çox vəsait lazımdır. Əgər Rusiya endirilmiş qiymətlərlə Ermənistana silah tədarük etməyə razılıq veribsə, o zaman çox ehtimal ki, ən müasir silah və texnika növləri tədarük edilməyəcək. Bunlar daha ucuz olan hansısa şəkildə yenilənmiş sistemlər ola bilər. 100 milyon dollar hesabına böyük sayda müasir hərbi texnika və silah əldə etmək mümkün deyil”.

Rusiyanın məşhur pilotu Maqomet Talboyev isə bildirib ki, “Su-30SM” qırıcısından Dağlıq Qarabağda istifadə etmək çətindir, çünki onlar hava hücumundan müdafiə sistemləri tərəfindən asanlıqla aşkar edilir.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ermənistan   Su-30SM   Rusiya  





Xəbər lenti