Putin İlham Əliyevlə Qarabağı müzakirə etdi - Yenilənib

 Putin İlham Əliyevlə Qarabağı müzakirə etdi -  Yenilənib
  02 Aprel 2019    Oxunub:5494
Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə martın 29-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş ilk rəsmi görüşün nəticələri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər.

Prezidentlər ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin fəallaşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Söhbət zamanı Azərbaycan və Rusiya arasında əməkdaşlığın müxtəlif sahələrdə bundan sonra da müvəffəqiyyətlə inkişafına əminlik ifadə olunub.

***
Rusiya prezidenti Vladimir Putin ilə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon söhbəti baş tutub.

Azvision.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, telefon söhbəti zamanı Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə martın 29-da Avstriyanın paytaxtı Vyanada Ermənistan baş naziri Nikol Paşinyanla keçirdiyi ilk rəsmi görüşü ilə bağlı fikirlərini bölüşüb.

Putin isə öz növbəsində, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Bakı və İrəvan arasında danışıqlar prosesinin aktivləşdirilməsinin vacibliyini vurğulayıb. O həmçinin, Dağlıq Qarabağ probleminin, xüsusən də ATƏT-in Minsk qrupu formatı çərçivəsində sülh yolu ilə həllinin axtarışı istiqamətində Rusiyanın bundan sonra da kömək göstərməyə hazır olduğunu təsdiqləyib.

Qeyd edək ki, ötən gün Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında da telefon danışığı olub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   DağlıqQarabağ   Azərbaycan   Rusiya   Minskqrupu  





Xəbər lenti