“B-1B Lancer” bombardmançı təyyarələrin uçuşu dayandırıldı

 “B-1B Lancer” bombardmançı təyyarələrin uçuşu dayandırıldı
  29 Mart 2019    Oxunub:1967
ABŞ hərbi hava qüvvələri nüvə başlığı daşıya bilən “B-1B Lancer” strateji bombardmançı təyyarələrinin uçuşunu dayandırıb.
Azvision.az “CNN”ə istinadən xəbər verir ki, buna səbəb təyyarələrdəki paraşüt əyləc sisteminin işində qeydə alınan nasazlıqların uçuşların təhlükəsizliyinə təhdid yaratmasıdır. ABŞ hərbi hava qüvvələrindən bildirilib ki, yalnız hər bir təyyarə texniki baxışdan keçirildikdən sonra onların havaya qalxması bərpa edilə bilər.

Qeyd olunur ki, hazırda “B-1B Lancer” strateji bombardmançılarının hamısı Amerika ərazisində yerləşdiyindən, uçuşların dayandırılması ilə bağlı qərar xaricdə həyata keçirilən hərbi əməliyyatlara təsir etməyəcək.

Hazırda ABŞ hərbi hava qüvvələrinin ixtiyarında 61 ədəd “B-1B Lancer” strateji bombardmançı təyyarə var. Onlar “B-52 Stratofortress” və “B-2 Spirit” tipli təyyarələrlə birlikdə ABŞ strateji aviasiyasının əsasını təşkil edirlər. “B-1B Lancer” bombardmançıları 1986-ci ildən istifadəyə verilib və ilkin olaraq, saatda 1300 kilometr sürətlə düşmənin hava hücumundan müdafiə sistemlərindən yayına bilən nüvə silahı daşıyan təyyarələr kimi istehsal olunub. Lakin “soyuq müharibə”nin bitməsilə əlaqədar onlar qeyri-nüvə hava zərbələri üçün təkmilləşdirilib və İraq, Əfqanıstan, Liviya və Suriyadakı müharibələrdə istifadə olunub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   “B-1BLancer”   ABŞ  





Xəbər lenti