Yunker “Brexit”i Sfinks tapmacası ilə müqayisə etdi
“Əgər mən Böyük Britaniyanı Sfinsklə müqayisə etməli olsam, onda Sfinks tapmacası mənə açıq kitab kimi görünərdi. Baxaq görək, bu “kitab” gələn həftə mənə nə deyəcək” – Yunker vurğulayıb.
Bundan əvvəl Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk isə “Brexit”i dalana dirədikləri və bu prosesi heç bir alternativ olmadan və riskləri nəzərə almadan başlatdıqları üçün britaniyalı siyasətçilərin yerinin cəhənnəm olduğunu bəyan etmişdi.
Qeyd edək ki, bu gün Britaniya parlamentinin İcmalar Palatası ölkənin Aİ-dan alternativ çıxış yolları üzrə səsvermə keçirəcək. Variantlar sırasında “Brexit”dən sonra Aİ ilə daha sıx əməkdaşlıq və ya təkrar referendumun keçirilməsi də var. Hətta üzvlükdən imtina ilə bağlı Brüsselə göndərilən rəsmi müraciətin geri alınması yolu ilə “Brexit”dən birbaşa imtina variantı da nəzərdən keçirilir. Həmçinin, Britaniya parlamenti “Brexit”in təxirə salınması barədə qanun layihəsinə də bu gün baxmalıdır.
“Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu ilin 29 martında başa çatmalı və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoymalı idi. Lakin Britaniya parlamenti ölkənin Avropa İttifaqından ayrılma formasını müəyyənləşdirəcək “Brexit” sazişini iki dəfə rədd etdiyindən, London Aİ-dan çıxış tarixinin 30 iyunadək uzadılması üçün Brüsselə müraciət edib. Amma mayın 23-də Avropa Parlamentinə keçiriləcək seçkilərlə əlaqədar Brüssel “Brexit”in mayın 22-dək təxirə salınmasına şərti razılıq verib.
Leyla Elbrusqızı
Azvision.az