Parlament gülləbaranı ilə Koçaryanın əlaqəsi - Terrorçu MTX agenti olub

   Parlament gülləbaranı ilə Koçaryanın əlaqəsi -     Terrorçu MTX agenti olub
  24 Mart 2019    Oxunub:8071
1999-cu ildə Ermənistan parlamentində törədilən terror aktının 20 illiyi yaxınlaşdıqca, o zamankı müdafiə nazirinin müavini Vaan Şirxanyanın Ermənistanın ikinci prezidenti Robert Koçaryana ünvanladığı açıq və qalmaqallı məktub “27 oktyabr” cinayət işi və onun əsas fiqurantı Nairi Unanyan ətrafında müzakirələri daha da alovlandırıb.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Şirxanyan bir qrup silahlı ilə birgə parlamenti gülləbaran etməyə dair təlimat alan Unanyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) agenti olduğunu və o vaxtkı prezident Koçaryanın bu məlumatı gizlətdiyini bəyan edib.

Şirxanyanın sözlərinə görə, parlamentdə terakt törədilən gün Koçaryan dərhal onu və hərbi prokuror Qaqik Canqiryanı, eləcə də MTX rəhbərinin müavini Qorik Akopyanı parlamentin spikeri Karen Dəmirçiyanın (həmin gün gülləbaranda öldürülənlərdən biri də o idi) kabinetinə çağıraraq “MTX-nin agenti Nairi Unanyanın operativ işi” adlı papka təqdim etmişdi. Amma Şirxanyan bildirib ki, nədənsə sonra həmin papka yoxa çıxdı. Və o zaman Ermənistan MTX-yə Serj Sarkisyan rəhbərlik edirdi.

Şirxanyan onu da deyib ki, Koçaryan 1998-ci ildəki prezident seçkilərini saxtakarlıq yolu ilə məhz paprlamentdəki terrorda qətlə yetirilənlərin hesabına “qazanıb”, amma sonra onlara arxadan zərbə vurub:

“1998-ci ilin 30 martında prezident seçkilərinin ikinci turunda Vazgen Sarqsyanın hesabına əldə olunan 27% səsi sən (Koçaryan) özün üçün 59%-ə çevirdin və özünü Ermənistanın prezidenti elan etdin. Amma 73% səs toplayan Karen Demirçiyana isə sən “səxavətlə” 41% saxladın və Vazgenin xahişi ilə Karenə söz verdin ki, baş nazir postu onun olacaq. Və əlbəttə ki, həmişə olduğu kimi, onları aldatdın.”

Şirxanyan vurğulayıb ki, bildikləri barədə ifadə verərək Koçaryana qarşı aparılan istintaqa kömək etməyə hazırdır. Həmçinin, əminliklə bəyan edib ki, yaxın zamanlarda “27 oktyabr” işi ilə bağlı Ermənistanın hüquq-mühafizə orqanları yeni cinayət işi açacaqlar.

Şirxanyanın bəyanatı və qalmaqallı məktubu ilə əlaqədar Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan jurnalistlərə açıqlamasında bildiirb ki, 1998-ci ilin prezident seçkilərindəki saxtakarlıqların üzə çıxarılması üçün materiallar hazırlanır.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan isə Unanyanın MTX agenti olması barədə iddiaları nə təkzib, nə də təsdiq edib. Bildirib ki, bu cür məsələlərlə Xüsusi İstintaq Xidməti məşğul olur.

Koçaryan özü isə parlament teraktının baş icraçısı Nairi Unanyanı “ekstremist” hesab edir. Bu yaxınlarda yazdığı “Həyat və azadlıq” avtobioqrafiyasında Koçaryan qeyd edib ki, “5 ekstremist parlament binasına hücum edərək onlarla şahidin gözü önündə 7 nəfəri öldürdülər və bəyan etdilər ki, bununla Ermənistan xalqını küçələrə çıxarmaq və hakimiyyəti devirmək istəyirlər. Onlar gizlənmədilər və öz motivlərini də gizlətmədilər. Həqiqət o qədər banal və primitiv idi ki, çoxları buna inanmaq istəmirdi.”

Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinə edilən silahlı hücum zamanı baş nazir Vazgen Sarqsyan, parlamentin sədri Karen Dəmirçiyan, onun müavinləri Yuri Baxşyan və Ruben Miroyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan, eləcə də, bir neçə deputat öldürülüb, qalanları isə girov götürülüb. Həmin silahlı qruplaşmanın rəhbəri Nairi Unanyan o zamankı prezident Robert Koçaryanla görüş tələb edib və yalnız Koçaryanla mövzusu heç kəsə bəlli olmayan danışıqlardan sonra terrorçular təslim olublar. 2001-ci ildə başladılan məhkəmə prosesində Unanyan da daxil olmaqla terrorçuların hamısı ömürlük həbsə, biri isə 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

Ekspertlər bu terror aktını Qarabağ münaqişəsinin həllinə qarşı yönəlmiş cinayət kimi xarakterizə edirlər. Belə ki, Koçaryandan əvvəlki prezident Ter-Petrosyan Dağlıq Qarabağ məsələsində geriyə addım atmağa hazır idi. Lakin hadisələrin bu cür inkişafından münaqişənin dondurulmasında maraqlı olan Rusiya rəhbərliyi və müəyyən dairələr narazı idilər. Bu mənada istisna edilmir ki, parlament gülləbaranı birbaşa Moskvanın təlimatı və Koçaryanın xəbəri olaraq həyata keçirilib. Oktyabr hadisələri faktiki şəkildə Azərbaycan ərazilərinin işğalının və münaqişənin nizamlanması prosesinin bilərəkdən daha da uzadılması üçün Qarabağ klanını Ermənistanda hakimiyyətə gətirdi.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   DağlıqQarabağ   Azərbaycan   Parlament   Terror  





Xəbər lenti