Özbəkistan KTMT və “Putin İttifaqı”na geri qayıdır

 Özbəkistan KTMT və “Putin İttifaqı”na geri qayıdır
  18 Mart 2019    Oxunub:2820
Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) geri qayıda və Avrasiya İqtisadi İttifaqının üzvü ola bilər.

Azvision.az xəbər verir ki, bu barədə “Realist” informasiya agentliyi Rusiya ordusundakı yüksək rütbəli mənbəsinə istinadən məlumat yayıb.
“Qazaxıstan prezidenti Nursultan Nazarbayevin vasitəçiliyi və Rusiya ilə Özbəkistan liderlərinin xoş iradəsi sayəsində Daşkənd KTMT-yə geri qayıda və Avrasiya İqtisadi İttifaqının üzvü ola bilər. Rusiya prezidenti Vladimir Putinlə özbəkistanlı həmkarı Şavkat Mirziyoyev arasında Özbəkistanın təhlükəsizliyinin gücləndirilməsi və Rusiya ilə iqtisadi əlaqələrin inkişafına istiqamətlənən konstruktiv münasibətlər qurulub. Və bunun üçün də Rusiya tərəfindən zəruri iqtisadi və hərbi-texniki tədbirlər kompleksi həyata keçirilir. Əminəm ki, Özbəkistanla inteqrasiyadan keçmiş SSRİ-nin bütün ölkələri fayda götürəcəklər” – mənbə vurğulayıb.

Qeyd edək ki, Özbəkistan KTMT-nin Əfqanıstana münasibətdə planları ilə razılaşmadığından 2012-ci ildə təşkilatın sırasını tərk etmişdi. O zaman Daşkənd Kabillə ikitərəfli əməkdaşlığa üstünlük verirdi. Həmçinin, Özbəkistanın KTMT-dən ayrılmasına rəsmi Moskvanın bu ölkənin regiondakı rəqiblərinə münasibətdə sərgilədiyi yaxın münasibət, o zamankı prezident İslam Kərimovun mövqeyinin nəzərə alınmaması və eləcə də, ABŞ-la hərbi əməkdaşlıqda yaxınlaşma da səbəb olmuşdu.

2008-ci ilin noyabrında isə Özbəkistan Avrasiya İqtisadi Birliyindəki üzvlüyünü dayandırmışdı. Səbəb isə bu hökumətlərarası təşkilatın effektivliyi və fəaliyyətinə şübhə ilə yanaşması idi.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Özbəkistan   KTMT   Rusiya  





Xəbər lenti