İrəvan və Moskva qazın qiymətində razılaşa bilmir

İrəvan və Moskva qazın qiymətində razılaşa bilmir
  18 Mart 2019    Oxunub:2860
Ermənistan və Rusiya arasında təbii qazın tədarükünə dair aparılan danışıqlarda qiymət məsələsində hələ ki, razılığa gəlinməyib.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın müavini Tiqran Avinyan jurnalistlərə açıqlamasında deyib.
“Qiymət barədə razılıq əldə olunmayıb. Bununla belə, Ermənistanla Rusiya arasında danışıqlar davam etdirilir. Bu, çox vaxt aparan prosesdir” – Paşinyanın müavini bildirib.

Qeyd edək ki, Rusiyanın “Qazprom eksport” şirkətilə “Qazprom Ermənistan” arasındakı qaz alqı-satqısına dair müqavilənin müddətinin 2018-ci ilin 31 dekabrında bitməsindən sonra sənədə əlavə olaraq müvəqqəti saziş imzalanıb və həmin sazişdə 2019-cu ildə Ermənistana satılacaq illik 2,5 milyard kubmetrlik qazın min kubmetri üçün İrəvanın ödəyəcəyi məbləğ 165 dollar səviyyəsində müəyyənləşdirilib.

Əvvəlki müqavilə üzrə isə Ermənistan Rusiya qazının min kubmetrini 150 dollara alırdı. İrəvan bu qiymətin nəinki artırılmaması, hətta daha da azaldılmasını istəyir və bunun üçün Moskva ilə danışıqlar aparır.

Lakin ekspertlərə görə, Nikol Paşinyan hökumətinə hələ də etibar etməyən Kreml bu məsələdə güzəşt etmək fikrində deyil və enerji məsələsinə İrəvana potensial təzyiq aləti kimi baxır. Əgər hansısa ümumi razılıq əldə olunmazsa Rusiya qazın qiymətini 165 dollardan da yuxarı qaldıra bilər ki, bu da erməni istehlakçıların daha çox vergi verməsi və sosial partlayışla nəticələnə bilər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   Qazprom   Rusiya  





Xəbər lenti