Allahşükür Paşazadə: `Heydər Əliyev bizə tövsiyələr verərdi`

Allahşükür Paşazadə: `Heydər Əliyev bizə tövsiyələr verərdi`
  16 Noyabr 2013    Oxunub:1171
“Biz, əlbəttə, bu gün çox sevinirik ki, burada bir yerdə görüşürük. Deyə bilərəm ki, bu gün tolerantlıq günüdür. Bununla bərabər, cənab Prezident, Sizin bu gün buraya gəlməyiniz və bir masa arxasında birlikdə əyləşməyimiz artıq ənənə halı almışdır. Bu ənənənin bünövrəsini qoyan dostum, qardaşım ulu öndər Heydər Əliyev həzrətləri olmuşdur. O, həmişə bu gün bizi yığardı, bizimlə danışardı və bizə tövsiyələr edərdi. Bu gün onun bəhrəsini görürük və Siz də bunu davam etdirirsiniz”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Jen-Mironosits kilsəsinin yerləşdiyi ərazidə yeni tikilən Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılış mərasimində deyib.

Şeyx həmçinin Azərbaycanda din-dövlət münasibətləri də çox yüksək səviyyədə olduğunu qeyd edib.
“Əlbəttə, bizi çox sevindirir ki, Azərbaycan dövləti son illərdə böyük uğurlar qazanmışdır. Mən fəxr edirəm ki, bizim belə Prezidentimiz vardır. Budəfəki Prezident seçkiləri Həcc ziyarəti dövrünə, Qurban bayramı ərəfəsinə təsadüf etmişdir. Ziyarətdə olan dindarlarımız müqəddəs Məkkədə Prezidentimizə səs vermiş, dualar etmişlər. Demək istəyirəm ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Dünya dövlətləri onun təcrübəsini öyrənə bilərlər.

Əlbəttə ki, bizim bir-birimizə münasibətimiz, din-dövlət münasibətləri də çox yüksək səviyyədə inkişaf edibdir. Əgər dövlətimizin rəhbəri bizə diqqət və qayğı göstərməsəydi, əlbəttə, biz dindarlar bu işləri görə bilməzdik. Ona görə də biz Sizə təşəkkürümüzü bildiririk, Prezident həzrətləri. Siz həmişə dinindən, dilindən asılı olmayaraq bütün dindarlara öz xoş münasibətinizi bildirmisiniz. Bu gün Sizin burada iştirakınız özü də elə bunun əyani sübutudur.

Qaldı ki, bizim Rusiya ilə, rus-pravoslav kilsəsi ilə olan qardaşlıq münasibətlərimizə bu gün də davam edir və inşallah, bundan sonra da davam edəcəkdir. Bu günlərdə mən patriarx həzrətlərindən bir məktub almışam. Məktubda gələcəkdə birgə sammitin keçirilməsi təklif olunur. Hələ tam razılaşdırılmayıb, ola bilər ki, bu sammit 2014-cü ildə Rusiyada, yaxud Azərbaycanda keçirilsin.

Allah-Təala bir xalqı istəyəndə həmişə ona müdrik dövlət rəhbəri göndərir ki, o xalq öz doğru yolunu tapa bilsin. Allah-Təala da Heydər Əliyevi, Sizi bizə doğru yol göstərmək üçün müdrik bir şəxs, rəhbər göndərib. Allah-Təala Heydər Əliyevə rəhmət etsin. Sizə gələcəkdə xoşbəxtlik arzu edirəm. İnşallah, hələ çox böyük işlər görəcəksiniz.".

AzVision.az


Teqlər:  





Xəbər lenti