Fransada mitinqlərlə bağlı qalmaqallı qanun qəbul edildi

 Fransada mitinqlərlə bağlı qalmaqallı qanun qəbul edildi
  13 Mart 2019    Oxunub:2125
Fransa parlamentinin yuxarı platası Senat 210 nəfər lehinə, 115-i əleyhinə və 18-i bitərəf olmaqla, “xuliqanlıqla” bağlı qalmaqallı qanun layihəsini qəbul edib.
Azvision.az “İzvestiya”ya istinadən xəbər verir ki, qanun layihəsi Fransa hökumətinə əvvəlki aksiyalar zamanı “iğtişaşlar törədən” vətəndaşların etiraz nümayişlərində iştirakına qadağa qoymaq hüququ verir.

Fransanın daxili işlər naziri Kristof Kastaner bəyan edib ki, yeni qanun layihəsi ölkədə ictimai asayişin gücləndirilməsi və etiraz aksiyası iştirakçılarının “qorunmasına” yönəlib. Onun sözlərinə görə, əhalinin şübhələrini aradan qaldırmaq üçün qanun qüvvəyə minməzdən əvvəl Fransa Konstitusiya Məhkəməsi tərəfindən araşdırılacaq.

Qanun layihəsinə əsasən, bundan sonra mitinqlərdə müxtəlif növ üzörtücü maska taxanları 1 il həbs cəzası və 15 min avro cərimə gözləyir. İştirakı qadağan olunmuş vətəndaşlar qanuna zidd gedərək yenə etiraz aksiyalarına qatılarsa, onda həmin şəxslər 6 ay azadlıqdan məhrum ediləcək və 7500 avro cərimə ödəməli olacaqlar. Mitinqlərəd iştirakı qadağan edilənlərlə bağlı bütün məlumatlar siyahı formasında dərc ediləcək.

Parlamentin aşağı palatası sənədi 5 fevralda təsdiqləmişdi. Beləliklə də, qanun layihəsi Fransa prezidenti Emmanuel Makron tərəfindən imzalandıqdan sonra rəsmən qüvvəyə minəcək.


Qeyd edək ki, mitinqlərlə bağlı yeni qanun 2018-ci ilin noyabrından etibarən Fransanın bütün şəhər və əyalətlərini bürüyən, hökumətin vergi-iqtisadi siyasətinə və prezident Emmanuel Makronun hakimiyyətinə qarşı yönələn “sarı jiletlilər” etiraz aksiyalarına cavab olaraq hazırlanıb. Həmin aksiyalarda indiyədək 10-dan çox insan ölüb, ümumilikdə 8400 nümayişçi saxlanılıb. Onlardan 7500-ü həbs edilib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Aksiya   sarıjiletlilər   Fransa  





Xəbər lenti