Rusiya Ukraynaya nota verdi

   Rusiya Ukraynaya nota verdi
  12 Mart 2019    Oxunub:2511
Rusiya Federasiyası Ukrayna tərəfinin “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında” müqaviləni pozması ilə əlaqədar rəsmi Kiyevə etiraz notası göndərib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, Ukrayna müqavilənin 6-cı maddəsini - tərəflərin bir-birinə qarşı üçüncü ölkə ilə hansısa saziş imzalamamaq, öz ərazisindən qarşı tərəfin təhlükəsizliyinə zərbə vurulması üçün istifadə edilməsinə imkan verməmək barədə götürdüyü öhdəliyi pozub.

Bəyanatda vurğulanır ki, Ukrayna tərəfi öz ərazisində mövcud olan milli azlıqların etnik, mədəni, dil və dini kimliyinin qorunmasını təmin edəcəyinə dair öhdəliyini də pozub, həmçinin, “Maydan hökuməti bir neçə ildir ki, Ukraynadakı rusdilli əhaliyə və rus dilinə qarşı məqsədyönlü hücumlar təşkil edir.”

Qeyd olunur ki, bütün bu addımlar Rusiya ilə Ukrayna xalqları arasındakı ənənəvi çoxtərəfli tarixi əlaqələri məhv etməyə hesablanıb. Bu mənada, Rusiya XİN rəsmi Kiyevi ikitərəfli və beynəlxalq öhdəliklərə sözdə deyil, əməldə riayət etməyə çağırıb.

Xatırladaq ki, Krımın ilhaqı, Donbassdakı münaqişə və nəhayət, Kerç boğazındakı insidentlərdən sonra ötən ilin 10 dekabrında Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsi ilə Rusiya arasındakı “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”nin qüvvəsinin dayandırılması barədə qanun layihəsini imzalayaraq təsdiqləyib. Bununla da, müqavilə 2019-cu il aprelin 1-dən qüvvəsini itirəcək.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti