Azərbaycanda üç mindən çox QHT var

Azərbaycanda üç mindən çox QHT var
  16 Noyabr 2013    Oxunub:978
Azərbaycanda dövlət qeydiyyatından keçən Qeyri-Hökumət Təşkilatlarının sayı üç mindən çoxdur.
Bu gün Astara Rayon Mərkəzi Kitabxanasında “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı”nın icrasında Qeyri-Hökumət Təşkilatlarının müsbət təcrübəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun icra strukturlarının və bələdiyyələrin nümayəndələri, QHT-lərin rəhbərləri, yerli iş adamları və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının baş maliyyə meneceri Tofiq Həsənov mövzu ilə bağlı məruzə edib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”-nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər)” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli Sərəncamında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qarşısına qoyulmuş QHT-lərin müsbət təcrübəsinin yayılması istiqamətində görülən işləri əhaliyə çatdırmaq məqsədi ilə maarifləndirici tədbirlər keçirilir.

Bildirilib ki, Prezident İlham Əliyevin 27 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” ölkəmizdə QHT-lərin inkişafında yeni mərhələnin başlanğıcı olub və bu məqsədlə dövlət başçısı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında Fərman imzalayıb, onun Əsasnaməsini təsdiq edib.

2008-ci ildən fəaliyyətə başlayan Şuranın əsas vəzifəsi müəyyən edilən sahələr üzrə dövlətin ayırdığı vəsait hesabına QHT-lərin fəaliyyətini dəstəkləmək, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu işlərini dəstəkləyən layihələr həyata keçirməkdən ibarətdir.

QHT-lərin müsbət təcrübəsinin yayılması və region QHT-lərinin inkişaf etdirilməsi barədə ətraflı məlumat verən T.Həsənov bu gün Azərbaycanda dövlət qeydiyyatından keçən QHT-lərin sayının 3 mindən çox olduğunu bildirib.

Milli QHT Forumunun Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Əli Mirzəyev çıxışında QHT-lərin cənub bölgəsində həyata keçirdiyi layihələrdən danışıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.


Teqlər:





Xəbər lenti