Pakistanla Hindistan arasında “buzlar əriyir”

 Pakistanla Hindistan arasında “buzlar əriyir”
  06 Mart 2019    Oxunub:1724
“Hindistanla Pakistanın münasibətlərindəki gərginlik artıq azalır”


Azvision.az xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri Şahmahmud Qureşi bəyan edib. Onun sözlərinə görə, Pakistan hökuməti Nyu-Delhidəki səfirinin öz işini davam etdirməsi və Hindistana geri göndərilməsi barədə qərar qəbul edib.
“Bu, münasibətlərimizdə müsbət irəliləyişdir” – Qureşi vurğulayıb. Həmçinin, yaxın zamanlarda Pakistan nümayəndə heyəti Hindistana səfər edəcək və hindistanlı müsəlman hacıların qonşu Pakistana vizasız gedişinə imkan verəcək Katarpurs dəhlizinin açılış perspektivlərini müzakirə edəcəklər.

Qeyd edək ki, 14 fevralda mübahisəli Kəşmir bölgəsinin Hindistanın nəzarəti altındakı Cammu və Kəşmir ştatında “Caiş-e-Mohamməd” terror qruplaşmasının hindistanlı hərbçilərin konvoyuna hücumu nəticəsində 45 nəfərin ölümündən sonra iki nüvə ölkəsi arasındakı münasibətlər daha da gərginləşib. İndiyədək hind təhlükəsizlik qüvvələrinə qarşı ən qanlı hücum kimi qiymətləndirilən bu hadisəyə görə Hindistan hökuməti qonşu Pakistanı ittiham edərək, terrorçuları himayə etdiyini deyib. Lakin rəsmi İslamabad insidentlə heç bir əlaqəsinin olmadığını bildirib. Münasibətlərdəki gərginlik səbəbindən hər iki ölkə səfirlərini qarşılıqlı olaraq geri çağırmışdılar.

Daha sonra hücuma cavab olaraq Hindistan mübahisəli Kəşmir bölgəsinin Pakistanın nəzarətində olan hissəsindəki terror düşərgələrinə hava zərbələri endirib, ardınca isə Pakistana məxsus 3 hərbi təyyarəni ələ keçirib. Pakistan da qonşu ölkənin Kəşmirdəki faktiki sərhədi pozan 2 qırıcısını vuraraq pilotlardan birini əsir götürüb. Sonradan pilotu geri qaytarmalarına baxmayaraq, Kəşmirdə iki ölkə arasındakı atəşkəs rejimi mütəmadi şəkildə pozulur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Pakistan   Kəşmir   Hindistan  





Xəbər lenti