İçərişəhərə yolu düşən sürücülərə XƏBƏRDARLIQ

İçərişəhərə yolu düşən sürücülərə XƏBƏRDARLIQ
  15 Noyabr 2013    Oxunub:1131
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin müraciət yayıb.
AzVision.az-ın məlumatına görə, qurum müraciətində sürücüləri İçərişəhərdə hərəkət edərkən ehtiyatlı olmağa çağırıb:

“Son illərdə aparılan restavrasiya və abadlıq-quruculuq işlərinin nəticəsində tariximizin və mədəniyyətimizin incisi olan İçəri Şəhərə onsuz da böyük olan maraq daha da artıb. Qoruq ərazisində yaşayan sakinlər, çalışan qurumlar, çoxsaylı yerli və xarici qonaqlar üçün İçəri Şəhərin əsas problemlərdən biri avtomobillərin hərəkəti ilə bağlı olub. Bununla əlaqədar olaraq nəqliyyat vasitələri hərəkət edən küçələrin bərpası, yol örtüyünün əsaslı təmiri istiqamətində İdarə tərəfindən mühüm işlər görülüb.
Görülən bu işlərlə yanaşı, İçəri Şəhərin ensiz küçələrində ikitərəfli avtomobil hərəkəti nəticəsində tez-tez yaranan tıxaclar probleminin həlli həmçinin mühüm əhəmiyyət kəsb edir. Həmin problemin aradan qaldırılması məqsədilə İdarə tərəfindən 1 noyabr 2013-cü il tarixindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində test rejimində avtomobillərin birtərəfli hərəkətinə keçid həyata keçirilib. Artıq keçən müddətdə yeni hərəkət qaydası öz müsbət nəticəsini göstərib, yaranan tıxacların sayı azalmağa başlayıb.

İçəri Şəhərdə birtərəfli avtomobil hərəkətinin test rejimi 2013-cü ilin dekabrın 1-ə qədər davam edəcək, həmin tarixdən isə yeni hərəkət qaydası artıq daimi olaraq qüvvəyə minəcək. Keçid prosesinin sakinlər və qonaqlar üçün asanlaşdırılması məqsədilə İçəri Şəhərin girişlərində daxil olan bütün nəqliyyat vasitələrinin sürücülərinə azərbaycan və ingilis dillərində hərəkət istiqamətini göstərən xüsusi xəritəli bukletlər paylanacaq.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərə çatdırır ki, 1 dekabr 2013-cü il tarixindən müəyyən edilmiş hərəkət qaydalarına riayət etməyənlərə qarşı müvafiq tədbirlər görüləcək. Bununla əlaqədar, İdarə bütün sakinlərdən və qonaqlardan məsələyə lazımi diqqət və həssaslıq göstərmələrini xahiş edir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti