Paşinyandan Ermənistan prezidentinə ciddi xəbərdarlıq - Vəzifə davası

 Paşinyandan Ermənistan prezidentinə ciddi xəbərdarlıq -    Vəzifə davası
  04 Mart 2019    Oxunub:2571
Ermənistanın baş naziri Nikol Paşinyan yalnız təmsilçilik funksiyaları ilə məhdudlaşan prezident vəzifəsinin icraçısı Armen Sarkisyanla görüşərək, onun xarici səfərlərində keçirdiyi görüşlərdə özünü tamsəlahiyyətli dövlət başçısı kimi aparmasına iradını bildirib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Joxovurd” qəzeti yazıb. Bildirilir ki, prezident iqamətgahında baş tutan görüş zamanı tərəflər müxtəlif məsələləri, xüsusilə də, son dövrlər intensivləşən xarici səfərləri müzakirə ediblər.

Qəzet yazır ki, bu zaman Paşinyan Ermənistan prezidenti Armen Sarkisyanın xarici səfərlərdə “özbaşına” davranması və görüşlərin gündəliyini hökumətlə razılaşdırmamasına, müzakirələri gizli saxlamasına diqqət çəkib: “Bütün bu xarici siyasət gündəliyi, əlbəttə ki, bizim iqtisadi inqilabımızın maraqlarına xidmət etməlidir. Bilirəm ki, ötən müddət ərzində siz də bu məntiqə uyğun bir neçə görüşlər keçirmisiniz. Həmçinin, gələcəkdə razılaşmalarımızın icrasının daha effektiv olması üçün bu məlumatların uyğunlaşdırılması vacibdir.”

“Joxovurd”, həmçinin qeyd edib: “Baş nazirin ilk baxışda adi görünən bu sözlərində, əslində sətiraltı ciddi siyasi xəbərdarlıq var. Bununla Paşinyan prezident Armen Sarkisyanın son xarici səfərlərinə, daha dəqiq desək, həmin səfərlərdə iqtisadi sahədə əldə olunan razılaşmaların məxfiliyinə dolayı yolla açıq mənfi münasibətini ifadə etdi. Paşinyan deyir ki, prezident görüşlərdə əldə etdiyi informasiyanı onunla bölüşməli və uyğunlaşdırmalıdır”.

Vurğulanıb ki, Paşinyan bununla simvolik vəzifə daşıyan prezidentə yerini göstərib və Ermənistanda əsas hakimiyyətin öz əlində cəmləşdiyini xatırladıb.

“Sirr deyil ki, son zamanlar prezident Armen Sarkisyan xarici səfərlərlə yaman məşğuldur. Ona görə də, iqamətgahdakı söhbətdə Paşinyan faktiki olaraq konkret münasibət sərgilədi. Xüsusən də, əgər konstitusiyaya görə prezident xarici siyasət sahəsində olduqca məhdud səlahiyyətlərə malikdirsə və dövlətin adından hansısa razılaşmalara nail olmaq onun vəzifəsinə daxil deyilsə...” - “Joxovurd” yazıb.

O da istisna edilmir ki, baş nazir Paşinyanla prezident arasındakı bu “vəzifə davası” Armen Sarkisyanın keçmiş prezident Serj Sarkisyanın adamı olması ilə bağlıdır. Bu mənada Paşinyan ehtiyatlanır ki, ölkədəki daxili vəziyyət və hətta yeni hökumətin formalaşması ilə ordudakı rüsvayçı durumun dəyişməməsinə dair “Qarabağ klanı”nın mövqeyini dəstəkləyən və bunu açıq dilə gətirən prezident Armen xarici siyasətdə də onun əleyhinə işləyə bilər. Çünki özünü tamhüquqlu dövlət başçısı kimi aparan hazırkı prezidentin xarici səfərlərinin gündəliyi və müzakirələrlə bağlı baş nazirə məlumat verməməsini Paşinyan ciddi təhlükə kimi görür.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti