Nizami Cəfərov: “Vəziyyət çətinləşir...”

Nizami Cəfərov:  “Vəziyyət çətinləşir...”
  15 Noyabr 2013    Oxunub:1153
“Bir müddət əvvəl “Mədəniyyət haqqında” qanun qəbul olunub. Yavaş-yavaş həmin dəyişikliklər üzərində işləyirik. “Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında” qanun layihəsi də birinci oxunuşdan keçib. Bu qanun layihəsinin maliyyə tutumu hələ ki müzakirə olunmadığından layihə ləngiyir”.

Bunu AzVision.az-a açıqlamasında millət vəkili Nizami Cəfərov Milli Məclisin Mədəniyyət Komitəsinin gələcək planları haqda danışarkən deyib.

“Yaradıcılıq ittifaqları, Azərbaycan Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı faktiki olaraq, dövlət tərəfindən maliyyələşdirilir. Mübahisəli cəhət də bundan ibarətdir ki, teatr xadimləri təklif edir ki, onlar da maliyyələşsin. Bu ənənəvi qurumlarla yanaşı, yeni yaradıcı birliklər əmələ gəlir. Onlar da belə bir iddiaya düşə bilərlər. Ona görə də müəyyən məhdudlaşma olmalıdır ki, Azərbaycan mədəniyyətini, incəsənətini inkişaf etdirən tarixi əhəmiyyətə malik qurumlar maliyyələşsin. Sabah 3-5 yazıçı bir yerə yığılır, ya bəstəkar, ya müğənni, ya rəssam. Bildirərlər ki, biz də maliyyələşək. Onda da vəziyyət çətinləşir”-deyə N.Cəfərov bildirib.

O həmçinin əlavə edib ki, komitə kulinariya ilə bağlı yeni qanun layihəsi üzərində işləyir:

“Bizim bir layihəmiz var. Komitə üzvü Leyla Abdulayeva “Kulinariya mədəniyyəti haqqında” layihə hazırlayıb. Bu da elə bir layihədir ki, tək mədəniyyət məsələlərini əhatə etmir, Mədəniyyət komitəsinin sferasından kənara çıxır. Bura sosial məsələlər də daxildir.
Daha bir neçə qanunumuz var, “Muğam sənətinin inkişafı haqqında”, “Aşıq sənətinin inkişafı haqqında” Rafael Hüseynov hazırlayıb. Hətta müəyyən müzakirələr də olub. Biz fikirləşirik ki, böyük etnoqrafik mədəniyyət mərkəzlərimiz var, məsələn Naxçıvanda, Gəncədə, Şəkidə , Naxçıvanda belə mərkəzlər var. Bu şəhərlərin dil xüsusiyyətlərindən başlamış, sənətkarlıq xüsusiyyətlərinə qədər onların qorunması haqqında qanunlar qəbul edirik. Amma bu qanunlar hələ hazırlanmayıb, sadəcə fikir kimi mövcuddur`.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti