Azərbaycanda universitetlərə muxtariyyət veriləcək

Azərbaycanda universitetlərə muxtariyyət veriləcək
  14 Noyabr 2013    Oxunub:1464
“Əgər rektor işləyə bilmirsə, cəmiyyət məsələni qaldırır və həll edir”.
AzVision.a-a açıqlamasında bu sözləri Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin üzvi Abel Məhərrəmov rektorların universitet tərəfindən təyin edilməsi məsələsinə münasibət bildirərkən deyib. BDU-nun rektoru bildirib ki, belə bir təcrübə qardaş ölkə Türkiyədə də var:

“Türkiyədə universitet 5 nəfəri rektor kimi seçir və prezidentin sərəncamına göndərir, prezident də həmin o şəxslərdən birini rektor təyin edir. Bu yöndə metodlar çoxdur, amma biz ən sivil qaydada olan metodu seçəcəyik və o qaydadan istifadə edəcəyik. İstər o metod ya başqa bir metod olsun, əgər rektor işləyə bilmirsə, cəmiyyət məsələni qaldırır və həll edir”.

Universitetlərə muxtariyyət verilməsi məsələsinə toxunan millət vəkili qeyd edib ki, Azərbaycanda da bu gec-tez tətbiq olunacaq:
“Bunun başqa yolu yoxdur. Getdikcə buna gedəcəyik. Bu birdən-birə reallaşa bilməz, çünki asılı məqamlar olduqca çoxdur. Lakin bu tədricən olacaq. Dünya təcrübəsi bunu tələb edir”-deyə, rektor vurğulayıb.

A.Məhərrəmov universitetlərin tələbə qəbulunu özü aparması məsələsinə də münasibət bildirib:

“Ola bilər ki, zaman gəldikcə bu da tətbiq oluna bilər. Bu da dünya təcrübəsində var ki, tələbəni universitetlərin özü seçir. Şagird vahid dövlət imtahanından keçdikdən sonra universitetlərə müraciət edir. Bu zaman tələbədə seçim daha çox olur. Tələbədə sıxıntılı seçim olmur. Tələbə dialoqa gedir, universitetlə maraqlanır. Məsləhəyləşir, sonra univesiteti seçir. Yəni sərbəst olmalıdır seçim. Bu zamanda belə olur. Buna da biz gec-tez gedəcəyik.

Universitetlərdə imtahanların test üsulu ilə keçirilməsi məsələsindən danışan rektor-deputat qeyd edib ki, bu üsulu uğurlu hesab etmir: “Mən çalışdım ki, test üsulu ilə imtahan olsun və universitetdə də belə bir təcrübə apardım. Məsələn, tətbiqi riyaziyat fakültəsinin birinci kursunda Azərbaycan tarixi fənnindən eyni qrupda iki cür imtahan keçirdik, yəni həm yazılı həm də test. Həmin uşaqların hamısı test üsulundan qiymət aldılar, çoxu da 5 aldı. Yazılı imtahan zamanı isə xeyli kəsilən oldu, cəmi iki nəfər 5, 2 nəfər 4, 3-4 nəfər 3, qalanı isə 2 aldı. Halbuku Azərbaycan tarixi fənni orta məktəblərdə də keçilir. Biz bəzi neqativ hallardan uzaqlaşmaq üçün test üsuluna keçmək istədik, amma neqativ üsuldan uzaqlaşarkən daha ağır bəlayla üsləşirik. Tələbələr bilik almadan diplom alırlar. Biz bunu çox qısa müddətdə, cəmisi bir semestrdə etdik. Amma mən bunu ləğv etdim”.

Rektor bildirib ki, BDU-nun ancaq qiyabi şöbəsində test üsulu imtahanlar tətbiq edilir: “İndi bütün əyani şöbədə yazılı imtahanlar keçirilir, yalnız qiyabi şöbələrdə ixtisas fənləri yazılı, köməkçi fənlər isə testlədir. Qiyabiçilərdir də, onların o qədər də vaxtı olmur ki, biz onların yazılarını yoxlayaq”-deyə, Abel Məhərrəmov əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti