ABŞ Hndistan və Pakistanı sülhə çağırdı

ABŞ Hndistan və Pakistanı sülhə çağırdı
  27 Fevral 2019    Oxunub:1591
ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib ki, son günlər Hndistan və Pakistan arasında yaşanan gərginliklə əlaqədar hər iki tərəfdəki həmkarları ilə əlaqə saxlayaraq, onları qarşıdurmadan və mövcud problemin hərbi yolla həllindən çəkinməyə çağırıb.
Azvision.az xəbər verir ki, Pompeonun bu bəyanatını ABŞ Dövlət Departamenti yayıb. Pompeo bildirib ki, Hindistanın 26 fevralda həyata keçirdiyi anti-terror əməliyyatlarından sonra hindistanlı həmkarı Suşma Svaracla telefon söhbəti edib və Amerikanın təhlükəsizlik sahəsində Hindistanla sıx əməkdaşlıq etdiyini, hər iki tərəfin ümumi məqsədinin regionda sülh və sabitliyin dəstəklənməsi olduğunu vurğulayıb.

“Mən həmçinin, Pakistanın xarici işlər naziri Şahmahmud Qureşi ilə danışdım. Hərbi tədbirlərdən qaçmaq yolu ilə hazırkı gərginliyin yatırılmasının prioritet olduğunu, ərazisində fəaliyyət göstərən terror qruplaşmalarına qarşı Pakistanın təcili konstruktiv tədbirlər görməsinin vacibliyini vurğuladım. Hər iki nazirə dedim ki, biz Hindistanla Pakistanı təmkinli olmağa və nə olursa-olsun qarşıdurmadan qaçmağa çağırırıq”, – deyə Pompeo bildirib.

Qeyd edək ki, dünən Hindistan mübahisəli Kəşmir bölgəsinin Pakistanın nəzarətində olan hissəsindəki terror düşərgələrinə hava zərbələri endirib. Bu gün səhər isə Hindistan Pakistana məxsus 3 hərbi təyyarəni ələ keçirib. Pakistan da qonşu ölkənin Kəşmirdəki faktiki sərhədi pozan 2 qırıcısını vurub və pilotlardan birini əsir götürüb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Pakistan   Hindistan   ABŞ  





Xəbər lenti