Poroşenkoya qarşı impiçment proseduru başladılır

   Poroşenkoya qarşı impiçment proseduru başladılır
  26 Fevral 2019    Oxunub:2024
31 martda Ukraynada keçiriləcək seçkilərdə prezidentliyə namizəd, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko bəyan edib ki, onun fraksiyası Ali Radadakı (parlament) digər deputatlarla birlikdə hazırkı prezident Pyotr Poroşenkoya qarşı impiçment proseduru başladır
Azvision.az xəbər verir ki, Timoşenko bunun səbəbini Ukrayna ordusunda irimiqyaslı korrupsiya və dövlət vəsaitlərinin mənimsənilməsinə dair aparılan jurnalist araşdırmasının üzə çıxardığı faktlarla əlaqələndirib.

“Jurnalistlərin aşkarladığı faktlar Ukrayna Cinayət Məcəlləsinin 112-ci - dövlətə xəyanət maddəsilə uyğun gəlir” – Timoşenko parlamentdəki çıxışında bildirib.

Ukrayna konstitusiyasına əsasən, əgər prezident dövlətə xəyanət edibsə və ya digər cinayət üstündə yaxalanıbsa impiçment yolu ilə onun vəzifədən uzaqlaşdırılması proseduru başladıla bilər. Bunun üçün parlamentdə müvəqqəti istintaq komisisyası yaradılır və müvafiq dəlillər toplanır. Daha sonra həmin sübutlar əsasında Ali Rada 226 səslə dövlət başçısına qarşı impiçment prosedurunun başladılmasına dair qərar qəbul edir. İmpiçment barədə qərarın qəbulu üçün parlamentdəki 300 deputatın səsi tələb olunur. Lakin bütün bu proseslərdən əvvəl Ukrayna Konstitusiya Məhkəməsi impiçment prosedurunun legitimliyi barədə, Ali Məhkəmə isə prezidentin həqiqətən də cinayət törətdiyinə dair müvafiq qərarlar verməlidirlər.

Qeyd edək ki, bu yaxınlarda “Bihus.info” saytı Ukrayna müdafiə sənayesi kompleksində irimiqyaslı mənimsəmələrlə bağlı araşdırma materialları dərc edib. Həmin yazılarda iddia olunur ki, prezident Poroşenkoya yaxın vəzifəli şəxslər 2016-cı ildən etibarən Ukraynanın müdafiə müəssisələrinə hərbi texnikalar üçün ehtiyat hissələrini öz qimətindən 300 faiz baha satıblar. Həmin məhsulları ya qaçaqmalçılıq yolu ilə Rusiyadan, ya da Ukrayna hərbi hissələrinin anbarlarından alıblar. Araşdırmanın müəllifləri bildiriblər ki, bununla da “Ukrooboronprom” dövlət müdafiə-sənaye kompleksindən 250 milyon qriven (9 milyon 258 min ABŞ dolları) məbləğində vəsait mənimsənilib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ukrayna   İmpiçment  





Xəbər lenti