18-ci əsrdən Xocalıya gələn yol – TARİXİ ARAŞDIRMA

   18-ci əsrdən Xocalıya gələn yol –    TARİXİ ARAŞDIRMA
  26 Fevral 2019    Oxunub:4791

Yeganə Kamal Cabbarlı
Azvision.az üçün

İnsan cəmiyyəti özünü daha aydın dərk eləməyə başladıqca, mənsub olduğu bütün maddi və mənəvi dəyərlərinə daha artıq bağlanır, yaşamaq üçün iqtisadiyyatını artırmaq, var olmaq üçün dövlət qurmaq və itirməmək üçün daim mücadilə aparmaq məcburiyyətində qalır. Tarixin bütün məlum formasiyalarında mövcud olan cəmiyyətlər müəyyən inkişaf mərhələsindən keçdikcə, mövcudluğunu qorumaq, özünu təsdiq və qəbul etdirmək uğruna apardıqları mübarızə və müharibələrdə dünyanı dəyişməyə, tarixi qoca görüb, yaddaşını yanıltmağa, dizə gətirməyə çalışır. Amma hər kəs unudur ki, onun öz qanunları var və tarix yaddaşı silinməz, qolu bükülməz bir pəhləvandır: doğrunu doğrularıyla, yalanı yalanlarıyla gedə biləcəkləri yerə qədər uğurlayar.

Tarixdə yalan üzərinə qurulan dövlətlər də var - Ermənistan kimi, yalana ayaq uydurub, millət olmaq istəyən törəmələr də - modifikasiyaya uğramış  və ya geni calaq olan ermənilər kimi; Bəlkə həm də buna görədir ki, sığındıqları hər yerdə ayaq bağı, baş ağrısı olmaqdan savayı bir işə yaramazlar. Amma mənim bəzən onlara yazığım da gəlir. Ona görə ki, bu azlığın qismətinə müxtəlif ölkələrin ərazilərinə səpələnmək, başqa millətlərə sığınaraq yaşamaq nəsib olub.

Yazığım gəlir! Çünki öz din qardaşlarının maşası olmaq məcburiyyətində qalıb: rahat və rifah içində yaşadıqları yerlərdən yedikləri qaba tüpürərək, böyük qardaşları böyük imperiyalar qursun deyə kərdiyar olub, eldən-elə sürüklənib, zülmə alışdırılıb, mənəviyyatı pozulub, cinayətə dadandırılıb. Bir dövlət qura bilməyin, eyni qövmdən olanları bir yerə yığa bilməyin ancaq qarətdən, yağmalamadan, talandan və soyqırımindan keçdiyinə inandırılıb. Və beyni zəhərlənə-zəhərlənə adamlıği itirib, insanlıqdan çıxıb...

Bəli! Böyük qardaşları onlara bir dövlət qurdu. Amma zorla işğal elədiyi Azərbaycanın ərazisində. Hər nə qədər adını keçmiş xanlıqlar və ya Zaqafqaziya qoysalar da, bura böyük Azərbaycan əraziləri idi. Bəli, bura Azərbaycan idi: bu gün sağ qolu Təbrizdə, sol qolu İrəvanda qalan və bundan daha da ötəsi olan - parçalanmış Azərbaycan...

Beləliklə, öz mövcudiyyəti boyunca böyük xilafətlər və imperiyalar tərəfindən zaman-zaman əsarət tarixi yaşayan Azərbaycan, nəhayət ki, on doqquzuncu yüzilliyin əvvəllərində o zamanın iki böyük və güçlü imperiyası tərəfindən bölüşdürülmək acısını dadmalı oldu. Bu, tarixi bir ədalətsizlik idi və onun gizli bir tərəfi də yoxdur. Bu ədalətsizliyi bilərəkdən törətdiklərini sübut eləməyə çalışmaq özü absurddur. Məncə, indi hər şeydən daha ziyadə heç olmasa bir neçə parçanı ağlın gücü ilə mərhələ-mərhələ birləşdirməyə çalışmaq ən məqbul bir addım olardı. Bu haqq yolunun başlanğıcı isə şübhəsiz, Xankəndindən və İrəvandan keçməlidir.

Yuxarıda söylədiyim, Azərbaycana qarşı bilərəkdən törədilmiş bu böyük ədalətsizliyin sübuta ehtiyacı olmamasını təsdiqləyən çoxlu tarixi faktlardan biri 186  il öncə Sergey Qlinka adlı rus yazıçısı  və jurnalistinin qeydləri əsasında Moskvada nəşr olunmuş “Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri “ («Описание переселения армян Аддербиджанских въ пределы России». Москва, 1831) adlı kitabından müəyyən iqtibas gətirmək istəyirəm. Böyük ehtimalla, çoxunuz bu məxəzdən xəbərdarsınız və virtual məkan izləyiciləri bəzi erməni və ermənipərəst müəlliflərin adıkeçən nəşrlə bağlı yazılarında necə manipulyasiyalar etdiklərinin də şahididirlər. Lakin hər nə qədər don geyindirilməyə və cümlələrin mənasını saxtalaşdırılmağa çalışsalar da, kitabın dili bunun yersiz olduğunu deyir.

Müəllif az qala hər sətirbaşı ermənilərin yeni bir əraziyə köçürüldükləri və yeni yerdə yeni bir yurd salmaqlarını dəfələrlə xatırladaraq, rusların köməkliyi ilə axır ki, bir erməni dövlətinin yaradıldığını və erməni xalqının adının da tarixə düşdüyünü fəxrlə vurğulayır. Müəllif eyni zamanda rusların döyüşlərdə  qarşı tərəfin məğlub olmasına yol açan erməni  xəyanətkarlığını  və hiyləgərliyini qardaş və dindaş sevgisinin nəticəsi kimi qiymətləndirir və əslində zorbalıqdan başqa bir şey olmayan bu  birliyin  təntənəsini  mədh edir. Təbii ki, dünən də, bu gün də hiyləgər bir siyasət aparan imperiyanın belə bir kitabı zamanında nəşr etdirməyi anlaşılandır. Çünki  bu, boyunduruqda olanın - ermənilərin,- zəncirləri  boşaldıqca onu daha sıx saxlamaq üçün bir gərmə vasitəsidir.

Kitabın əvvəlində Qlinka erməni müəlliflərinin mənbələrindən bəzəkli iqtibaslar gətirərək, Ermənistanın uydurma tarixindən qısa məlumat verdikdən sonra yazır ki, rus çarı I Nikolay 1826-cı ilin sonlarına, farsların Gürcüstan sərhədlərinə  qəfləti hücumunadək özünü Rusiyanın və rusiyalıların  “ümumi xöşbəxtliyinə”  həsr etməyi düşünürdü. Farsların vahiməli hücumlarını ısə ruslar eyni dəhşətlə qarşılayır və knyaz Madatov Şamxor yaxınlığında farslara qalib gəldikdən sonra, Yelizavetpol (Gəncə) məsələsində onların nəsiblərini verir. Bunun ardınca 1827-1828-ci illərdə Xüsusi Qafqaz Korpusu Ağzıbir, Boz Abdal və Pəmbəyi keçərək, Eçmiədzin və Naxçıvanı tutur. Sonra ildırım sürətilə Abbas-Abadı, Sərdar-Abadı, İrəvanı  fəth edir; Arazı adlayaraq, Mərənd və Təbrizi tutur; oradan isə Marağa və Xoya qədər gedir. Nəhayət, Ərdəbildə - Qaflan dağının ətəklərində dayanır...

...Beləliklə, İran Ermənistanı (!?) rus silahının gücünə və ermənilərin ruslara olan müqəddəs sevgisi hesabına ələ keçir. Rus çarının fikrincə, emənilərin yorulmaz fəaliyyəti və ağıllı uzaqgörənliyi  onları ticarət mübadiləsi üzrə Asiyada birinci eləmişdi. Əgər ermənilər ağlın inkişafına əngəl törədən və özbaşınalığın hökm sürdüyü belə bir yerdə (burada Cənubi Azərbaycan əraziləri - Səlmas, Urmiya, Marağa, Miyanə  və Xoy xanlıqları vurğulanır; “Rusiya hüdudları” dedikdə isə Azərbaycanın Qafqazın cənubunda qalmış hissəsi - Şimali Azərbaycan xanlıqları nəzərdə tutulurdu - Y.C.) ticarətdəki uğurları ilə fərqlənə bilmişdilərsə, deməli, daha yaxşı şəraitdə onlar daha parlaq uğurlar qazanarlar. Bununla onların Rusiya ərazilərində daha çox fayda verə biləcəklərini və daha yaxşı yaşaya biləcəklərini yada salır. Ermənilərin Rusiyaya olan bağlılıq işartıları özünü Böyük Pyotrun çarlığı dövründə daha aşkar büruzə verdi və  möhkəmləndi.

Həmin vaxt ermənilər ruslarla birləşərək, birlikdə farslara qarşı döyüşdülər. Rusiya özünün ticarət imkanlarını genişləndirməkdən ötrü erməniləri diqqətdən kənarda saxlaya bilməzdi. I Pyotr erməniləri rusların rifahı naminə və Rusiyanın xeyri üçün özünə cəlb etmək istəyirdi. İslahatçı Pyotr İran üzərinə yürüşlərində ermənilərin sadiqliyinin çox sahədə şahidi oldu və onların hərəkətlərinə ehtiram olaraq, onlara hərbi xidmətlərə görə hüquq və imtiyazlar verdi. O, erməniləri faydalı vətəndaşlar kimi Rusiya köçməyə çağırdı və bir dindaş kimi onları hımayəsinə götürəcəyinə, qoruyacağına söz verdi.

Xüsusi hörmət və etibar qazanaraq Rus hökumətinə sədaqətlə xidmət göstərən belə çoxsaylı ermənilərdən bura ilk köç edənlər arasında canlı nümunələrdən biri də Lazerev ailəsi idi. Lazerevlər ailəsi qədim paytaxt Moskvanın divarları arasında bir növ “erməni məntəqəsi” yaratmışdılar, sonralar isə Sankt Peterburqda belə bir məntəqə saldılar. Ermənilər hər iki paytaxtda və digər şəhərlərdə kilsələr və “ümumi mənafeyə” xidmət edən nəşriyyatlar tikirdilər. Nəhayət, onlar öz Asiyalı varislərini və rus tələbələrini qəbul edən Şərq Dilləri İnstitutu yaratdılar. Bütün bu müəssisələrin yerləşdiyi küçəni isə Lazerevlərin şərəfinə “Erməni döngəsi”adlandırdılar. Və beləliklə, Rusiyada erməni obrazı çoxdan yaranmışdı və Rusiya hələ keçmişdən onlara öz dostluq əlini uzatmışdı.

Qlinka yazırdı: “Birinci Nikolayın bayrağı və islahatçı Pyotrun ruhu qarşısında... İrəvan divarları dağıldı..., çoxəsirlik dostluğa (!) malik erməni və rusların ürəkləri nəhayət ki, birləşdi... İndi ermənilərlə rusların yeni bir yaxınlığının əsası qoyulurdu. Rusların ermənilərə söz verdikləri ərazilərdə artıq rus bayraqları dalğalanırdı. Rus silahlarının səsi  həmin ərazilərin özgə tayfaların (!?) əsarətindən qurtardığı barədə şad xəbər verirdi... (Rusların “özgə tayfalar” adlandırdığı isə bu ərazilərin əzəli və əbədi sahıbləri olan azərbaycanlılar idi. - Y.C.)

“... İrəvan divarları müdafiəsiz yıxıldı. Ona görə ki, ermənilər öz ürəklərini  birəsirlik dostları olan ruslara verdilər. Qala divarları isə bu iki xalqın sevgisinin qarşısında tab gətirə bilmədi...” Baxın! Bu, xəyanətkarlığı məhəbbət zirvəsinə qaldıran  sərsəmlik nümunəsi deyilmi?! Bunun ardınca müəllif ermənilərin ruslarla yeni yaxınlaşması rəvayətindən danışır: “1827 ci ilin martında, hələ Boz-Abdal dağının zirvəsi qarla örtülü bir vaxtda general-adyutant II Benkendorf diplomatik danışıqlar aparmaq üçün müharibə meydanına... və tezliklə Aran vilayətinə (?) yetişir. Düşmən torpaqda rus döyüşçüsünü qədim paytaxt (?) Eçmiədzin monastrı qarşılayır... Sanki rus əsgərinin qulağına doğma Rusiyadakı  zəng səsləri gəlirdi; inam monastrın qapılarını aralamışdı... O, qalib rus əsgərinin və – comərd xristianı, iqamətgahın layiqli başçısını, Rusiyaya çox böyük xidmətlər göstərmiş - məşhur arxipastr Nersesi qarşılayırdı... Ermənilər general Benkendorfun  simasında təkcə qalib və istilaçını görmürdülər. O, həm də çar birinci Nikolay tərəfindən göndərilmiş himayədarlıq müjdəçisi idi. Hər tərəfdən ermənilərin qışqırtısı güruldayırdı: “Birinci Nikolay etiqadı və çomərdliyi ilə birincidir. Yaşasın Rusiya imperatoru! Yaşasın ermənilərin himayədarı və padşahı birinci Nikolay!”

Müəllif daha sonra yazır: “Səma qanunu altında, məhəbbət allahı qarşısında ermənilərin Rusiya oğulları ilə ilk müqəddəs ittifaqı qəlblərin möhürü ilə möhürlənir. Nersesin xalqa müraciəti rus çarına və cəsur rus əsgərinə qarşı ürəkləri riqqətə gətirir; Qurtuluş günü parladı; ümidlərdə işıldatdı ki, artıq erməni adı və onun çoxəsirlik şohrəti yer üzündə yaşayacaq. Ermənilərin özlərini  və hər şeyi  rus silahının gücünə əldə etdiklərini isə danışmayaq..."

Beləliklə, general Benkendorf  işğal edilmiş Eçmiədzini baş qərargaha çevirir. İrəvanın mühasirəsini isə həmin monastrda xristianların Əli tərəfdarları üzərində qələbəsi kimi bayram edir. Müəllif yazır: “O da məlumdur ki, ... arxiyepiskop Nerses yorulmadan çalışdı ki, böyük rus himayədarlığı ilə ruslar Təbrizi aldıqdan sonra keçmiş Ermənistan (?) yenilənsin və o,öz yepiskopu Stefanı göndərir. Nerses deyirdi: İnandırın... doğmalarımızı, qardaşlarımızı onların bəyənilən qəhrəmanlıqlarına  inandırın. Allah özü bizimlədir! Rusların silahı elə xaçın silahıdır. Qəhrəman rus oğullarının danışığında biz Allahın çağırışını eşidirik. Xəbərdar edin! Ermənilər onların səsini eşidəndə qəzəblənməsinlər!”

Müəllif yaralı rus döyüşçülərinə erməni rahiblərinin gecə--gündüz necə xidmət etmələrini vəsf etdikdən sonra qraf Paskeviçin İrandakı qəhrəmanlıqlarını təsvir edir: “...Rusiya derjavasının Asiya torpaqlarında iranlıların izləri silindi. Paskeviçin silahı qəhrəman Makedonskinin üç döyüşə fəth elədiyi böyük bir çarlıqda səda saldı... Paskeviç Araza doğru tələsirdi. Farsları qorxu və heyrət bürümüşdü... Rus qəhrəman ardıcıl iki parlaq qələbə qazanmışdı: qədim şərqin ticarət mərkəzi olan Naxçıvana girmiş və Abbas-Abad  qalasını mühasirəyə almışdı... Qəzəblənən farslar isə erməniləri Arazın o biri tayına qovurdular...”

Bununla da Rusiyanın arzusunda olduğu birləşmə, ikinci Rusiya-İran müharibəsinin (1826-28-ci illər) sülh, Azərbaycanın isə parçalanmaq aktı kimi tarixə keçən üzüqara  “Türkmənçay müqaviləsi” (10 (22) fevral 1828 ) ilə baş tutdu. Azərbaycanlıların dilində “yersiz gəldi yerli qaç” deyə çox məşhur bir kəlam var. Düşünürəm ki, bu, məhz ermənilərlə bağlı meydana gəlmiş bir ifadədir. Çünki elə həmin parçalanmaq aktı ermənilərin  Azərbaycan torpaqlarına yerləşdirilməsi ilə  başlayan fəlakətə start verdi və ermənilər ilk gündən etibarən bu torpağın əzəli sahiblərini – azərbaycanlıları öz yurd- yuvasından, ev-eşiyindən həyasızcasına qovmağa başladılar. Həm də talanla, qarətlə, qırğınla... Axı ermənilər bu yerlərə məqsədli gətirilmişdilər; Rusiya imperiyası əhalisi bütünlüklə azərbaycanlılardan  ibarət olan bir ərazini sona qədər əlində saxlaya biləcəyinə əmin deyildi və bilirdi ki, əgər milli balansı dəyişə bilməsə, gec-tez bu əraziləri itirə bilərdi.

Azərbaycanlıların milli iradəsi onları ruslaşma siyasətinə itaətkarcasına tabe etdirməyə əngəl törətdiyindən, çıxış yolu yalnız erməni amilinin qabardılmasında idi. İmperiya ermənilərin heç bir davranış və hərəkətlərinə məhdudiyyət qoymadan tam səlahiyyət vermişdi: öldürmək, talan eləmək və qovmaq sərbəstliyi alan ermənilər azərbaycanlılara qarşı törətdikləri ilk soyqırım işartılarına da elə həmin dövrdən başlamışdılar. “Arxalı köpək qurd basar” deyirlər. XIX əsrin əvvəllərindən başlayaraq XX əsrin 1905, 1918-ci illərində kütləviləşən, 1988-ci ilə qədər yol gələrək Meşəlidə, Cəmillidə, Ağdabanda iz qoyan və nəhayət, 1992-ci ilin 26 fevralında  Xocalıda ən yüksək nöqtəsinə çatan soyqırımı da elə rus silahlarının gücü ilə həyata keçirildi.

Bəs bugünkü sivil dünyamızda Xocalı  soyqırımına aparan əsas motivlər nədən ibarət idi və tarix nədən Xocalı soyqırımını diktə elədi? İstənilən sosiumda gedən özünüdərkin vacib istiqamətlərindən olan öz tarixini dərk etmək, zaman keçdikcə intensivləşən bir prosesdir və onun fonunda İnsanlar daim tarixin əbədi suallarına cavab axtarmağa can atır. Tarixin bütün sualları baş vermiş  hadisələrin içərisində gizlidir və onlara qiymət verərkən hökmən bütün müqayisələr  labüdlük və tarixi zərürət anlayışlarının paralelində aparılmalıdır.

Mən də çalışacağam ki, “Xocalı soyqırımı” ilə bağlı şəxsən heç bir vaxt qəbul edə bilməyəcəyim və yaxud, başqa ifadə ilə desəm, millətim və xalqımın adına yaraşdırmadığım, alçaldıcı bir hadisə kimi qiymətləndirdiyimdən dolayı mənə yəqin ki, qəbr evinə qədər əzab verəcək bir hadisədən – “Xocalı  Soyqırımı”ndan danışarkən düzgün paralellər aparım və hadisənin miqyası, mənəvi-psixolji təsir gücü, eyni zamanda bunlardan irəli gələrək, Azərbaycan dövlətinə və xalqımızın həyatına gətirdiyi zərərlərlə bağı obyektivliyimi itirməyim.

Əslində Xocalı hadisəsi niyə baş verdi, bu hadisəyə gedən yol haradan başlayırdı  və yaxud bu hadisəyə qədər gələn yolun tarixi nə qədər idi? Uzun illərdirki, erməni məsələsi müxtəlif beynəlxalq konfransların, forumların mövzusuna çevrilə bilib. Əslində, lokal, regional problem olan bu məsələ artıq faktiki olaraq beynəlxalq miqyas alıb, lakin ikili standartlar ucbatından bu məsələnin baş verməsinin həqiqi səbələri göstərilmir və məsələ hələ də öz adı ilə adlandırılmır. Bunun da açıq-aşkar bir sıra kompleks səbəbləri var.

İlk növbədə bu, erməni-türk və erməni-azərbaycanlı münasibətlərində təzahür edən etnik, dini və psixoloji amillərlə şərtlənir. Birinci səbəb odur ki, Qərb xristian həmrəyliyi guya tanrı evini imansızlardan qorumağı buyuran xaçlı düşüncə residivləri ilə hərəkət edən erməniləri dəstəkləyir... Tarixdə 1600 illik bir dövrü əhatə edən Qərb və Türk münasibətlərində bütünlüklə 1300 il – yəni Qərbi Roma imperiyasının çökməsindən 1699-cu il Karlovı sülh müqaviləsinə qədər olan dövrdə, birmənalı şəkildə çoxluq faktiki olaraq 8 xaçlı yürüşü ərəfəsində Avropanın bütün kral ordularını darmadağın etmiş türklərin tərəfində idi. Bir sıra tarixçilərin araşdırmaları göstərirdi ki, xaçlı yürüşləri heç də təkcə Qərblə Şərqin müharibəsi deyildi, bu, məhz türklərin xaçlılara qarşı müharibəsi  kimi xarakterizə olunmalıdır, çünki döyüşən nə ərəblər və  nə də farslar deyildi, döyüşən türklər idi.

Bəzi politoloq və sosioloqlar (məsələn, amerikalı Sammuel Halinqton kimi)  belə hesab edirlər ki, Avropa və Aralıq dənizi hövzəsinin ön səhnəsinə çıxan türklər xaçlı yürüşlərindən dərhal sonra Balkanlarda və Şimali Afrikanın böyük ərazilərində öz güclərini nümayiş etdirdilər: İlk növbədə 1453-cü ildə Konstantinopol fəth edildi, bunun ardınca isə 1599-cu ildə Vyana tutuldu. Elə həmin vaxtdan da türklər avropalıların şüurunda ölüm və dağıntı gətirən insafsız insanlar kimi qəbul edilməyə başladılar. Türklər haqqında mifik təfəkkürlər formalaşdıqca və avropalıların şüurunda kök saldıqca, avropalıların ürəyində  bir qisasçılıq fikri də kök salmağa başladı.

Heç şübhəsiz, günümüzə qədər də bu siyasət “erməni məsələsi”nin ön plana çıxarılması ilə müşayiət olunur. “Erməni məsələsi”nin yayılmasının ikinci  hərəkətverici qüvvəsi Qərbin şüurunda  kök salmış və Avropada çoxəsirlik antisemitizm ənənələrindən irəli gələn yəhudilər qarşısında günahlar  kompleksinin dərinləşməsi və yəhudilərə qarşı müxtəlif vaxtlarda onun doğurduğu eksseslər, deportasiyalar və seqreqasiyalar (irqi ayrilmalar) idi.  Bu hadisənin yeni tarixə keçməsi isə başlanğıcını Bibliya əfsanələrindən  - İsanın yəhudilər (iudalar) tərəfindən öldürülməsindən almışdı. Məhz  II Dünya müharibəsində Hitler Almaniyası tərəfindən yəhudilərin talan edilməsi və soyqirimi Qərbdəki bu düşüncə tərzinin məntiqi nəticəsi idi.

(Davamı var)




Teqlər: Xocalı   Tarix   Araşdırma  





Xəbər lenti