Yüzlərlə etirazçı İrəvan-Tbilisi dəmiryolunu bağladı: “Paşinyan niyə maraqlanmır?” (VİDEO)

Yüzlərlə etirazçı İrəvan-Tbilisi dəmiryolunu bağladı:  “Paşinyan niyə maraqlanmır?” (VİDEO)
  15 Fevral 2019    Oxunub:12079
Ermənistanın şimal-şərqindəki Alaverdi şəhərində yerləşən mis emalı zavodunun yüzlərlə işçisi bu gün yenə etiraz aksiyası keçirərək, dövlət əhəmiyyətli İrəvan-Tbilisi dəmiryolunu bağlayıblar.
Azvision.az “Novosti Armeni” informasiya agentliyinə istinadən xəbər verir ki, etirazçılar baş nazir Nikol Paşinyan, yaxud onun birinci müavini Tiqran Avinyan ilə görüş tələb edirlər.

Alaverdi şəhərinin yüzlərlə sakininin aksiyaya qoşulması ilə etirazlar kütləvi xarakter alıb.

Zavod işçiləri bildiriblər ki, 2 gün əvvəl şikayətlərinə baxılması üçün Avinyanın özünün, “Bank VTB”nin (Ermənistan filialı) nümayəndəsinin və zavodun tabe olduğu “Valleks” şirkətlər qrupu sahibinin onlarla görüşəcəyinə dair söz verilmişdi. Amma bu gün müzakirələrdə iştirak etmək üçün yalnız Lori əyalətinin qubernatoru Andrey Qukasyan, Alaverdinin meri Sasun Xaçumyan və Cəmiyyətin direktoru Lusine Meclumyan gəliblər.



Qukasyan bildirib ki, mis emalı zavodunun banklara olan külli miqdarda borcunun ödənilməsi üçün investorlar axtarırlar. Lakin bir nəticə yoxdur. Əvəzində Lori əyalətinin qubernatoru etirazçılara təklif edib ki, 4-5 nəfərdən ibarət qrup yaratsınlar və paytaxt İrəvana gedərək bu məsələni Paşinyanın müavini ilə müzakirə etsinlər. Amma onun bu təklifi zavod işçilərinin hiddətinə səbəb olub:

“Əgər şikayətlərimizə hər hansı bir cavab olsaydı, onda Paşinyanın müavinlərindən kimsə özü bura təşrif buyurardı. Hansısa məktəbdə 4 nəfər şagird etiraz aksiyası keçirir və hökumətin başçısı Nikol Paşinyan dərhal ora gedir. Amma zavodun işsiz qalaraq aksiya keçirən 600 əməkdaşını isə görməzlikdən gəlirlər” – aksiya iştirakçılarından biri deyib.

Etirazçılar məsələyə baxılmayanadək aksiyanı davam etdirəcəklərini və İrəvan-Tbilisi dəmiryolunu yenə bağlı saxlayacaqlarını bəyan ediblər.



Qeyd edək ki, baş nazir Nikol Paşinyan hələ ötən ilin payızında Alaverdi mis kombinatının əhalinin sağlamlığına və təbiətə ziyan vurduğunu əsas gətirərək zavodun bağlanması təklifilə çıxış etmişdi. Daha sonra isə zavodun külli miqdarda borcunun yığılması işçilərin maaşlarının verilməsini mümkünsüz edib və nəticədə, 2018-ci ilin oktyabrından misəritmə kombinatı faktiki olaraq fəaliyyətini dayandıraraq “Bank VTB”nin (Ermənistan) mülkiyyətinə çevrilib.

Bundan hiddətlənən 600 zavod işçisi Paşinyandan ya onları yeni iş yerləri ilə təmin etməyi, ya 4 aylıq əmək haqqlarının ödənilməsini, ya da zavodun fəaliyyətinin bərpasını tələb edirlər. Bildirirlər ki, Nikol Paşinyanı ondan ötrü baş nazir seçiblər ki, Ermənistanda ənənəvi problemlər öz həllini tapsın. Amma əvəzində yeni hökumət yerlərdəki məsələlərə laqeydlik nümayiş etdirir. Paşinyan isə bəyan edib ki, baş verənlər zavodun daxili problemidir və hökumətə aidiyyatı yoxdur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Aksiya   Alaverdi  





Xəbər lenti