Daha bir erməni məhbus aclıq aksiyasına başlayıb

  14 Fevral 2019    Oxunub : 1144
Daha bir erməni məhbus aclıq aksiyasına başlayıb
Ermənistanın “Nubaraşen” həbsxanasında daha bir məhbus – ömürlük azadlıqdan məhrum edilmiş Armen Ter-Saakyan aclıq aksiyası elan edib.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nona Navikyan bildirib.
Onun sözlərinə görə, Avetisyan aclıq aksiyasına 12 fevraldan başlayıb və hazırda həkim nəzarətindədir.

Məhbus Armen Ter-Saakyan isə deyib ki, ona qarşı açılan cinayət işinə yenidən baxılması və yol verilən haqsızlığa son qoyulması üçün aclıq aksiyası keçirir və Ermənistanın ədliyyə naziri Artak Zeynalyanla görüş tələb edir.

12 fevraldan etibarən Ermənistanda ömürlük həbsə məhkum edilmiş digər məhbus - 39 yaşlı Aram Xaçikyan da aclıq aksiyası keçirir. Həmçinin, ömürlük azadlıqdan məhrum edilmiş Vaqarşak Avetisyan isə 16 gündür ki, “Armavir” cəzaçəkmə müəssisəsində aclıq elan edib. Onların sözlərinə görə, vaxtilə məhkəmədə hakimin çıxardığı hökmlər qeyri-obyektiv və qərəzlidir. Aclıq aksiyası elan etməklə məhbuslar aidiyyatı qurumların diqqətini ədliyyə sistemindəki haqsızlıq və özbaşınalığa çəkmək və onlara qarşı açılan cinayət işinə, çıxarılan hökmlərə yenidən baxılmasını istəyirlər.

Erməni KİV-ləri isə son zamanlar Ermənistan həbsxanalarındakı həm siyasi, həm də digər məhbuslar arasında aclıq edənlərin sayının artmasına və aksiyanın ölümlə nəticələnməsinə diqqət çəkir. Ən son nümunə isə “Nubaraşen” həbsxanasında saxlanılan “Ermənistan qartalları - Vahid Ermənistan” partiyasının sədr müavini, hökumət əlehinə çıxdığına görə həbs olunan Mqer Yeqiazaryanın 44 günlük aclıq aksiyasından sonra yanvarın 26-da ölməsidir.

Bundan əlavə, Ermənistan mediası yazır ki, “Armavir” cəzaçəkmə müəssisəsində hələ cəmi bir neçə gün əvvəl 61 yaşlı məhbus A.Aram və 20 yanvar tarixində isə digər məhbus Saak Saakyan dünyasını dəyişib. Onların ölümünə səbəb həbsxana nəzarətçilərinin məhbuslarla pis davranışı, qeyri-sağlam qidanın verilməsi və həkim nəzarətindən kənarda qalmaları olub.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   Aclıqaksiyası