Azərbaycanda Niderlandın 130-dək şirkəti var

Azərbaycanda Niderlandın 130-dək şirkəti var
  12 Fevral 2019    Oxunub:2138
Azərbaycanda xidmət, tikinti, nəqliyyat, sənaye, ticarət, rabitə, bank və sığorta sahələrində 130-dək Niderland şirkəti qeydiyyatdan keçib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden ilə görüşdə deyib.

R.Lindenin Azərbaycan-Niderland əlaqələrinin inkişafına töhfələr verdiyini vurğulayan iqtisadiyyat naziri iki ölkənin iqtisadi-ticarət əlaqələrinin genişləndiyini, qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə ölkələrimizin kənd təsərrüfatı, sənaye, kimya, ekologiya və sair sahələrdə əməkdaşlıq etdiyi, ötən il ticarət dövriyyəsinin artdığı, iqtisadi əlaqələrin genişlənməsində biznes forumların, işgüzar görüşlərin rolu qeyd edilib. Diqqətə çatdırılıb ki, Azərbaycanda xidmət, tikinti, nəqliyyat, sənaye, ticarət, rabitə, bank və sığorta sahələrində 130-dək Niderland şirkəti qeydiyyatdan keçib. Ötən il istifadəyə verilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin baş planı və ümumi layihəsi Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb, Niderland şirkətləri ilə Abşeronda göllərin, o cümlədən Böyükşor gölünün bərpası sahəsində əməkdaşlıq edilib.

Bildirilib ki, Azərbaycanın artan tranzit imkanları, bu sahədə reallaşdırılan mühüm layihələr - Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Beynəlxalq Dəniz Ticarət Limanı, beynəlxalq hava limanları tranzit-logistika əməkdaşlığının inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycanda viza rejiminin sadələşdirilməsi və elektron vizanın tətbiqi ölkəyə gələn turistlərin sayını daha da artırıb. Təkcə ötən il Niderlanddan Azərbaycana gələn turistlərin sayı 2017-ci ilə nisbətən 26,6 faiz artıb.

Ş.Mustafayev Azərbaycan-Niderland əlaqələrinin iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, təhsil sahəsini də əhatə etdiyini qeyd edib, ADA Universiteti və Maastrixt İdarəetmə Məktəbi arasında səmərəli əməkdaşlığı vurğulayıb, həmin universitetdə azərbaycanlı tələbələrin təhsil aldığını diqqətə çatdırıb.

İqtisadiyyat naziri qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkında yaradılan Peşə Təhsili Mərkəzinə Niderlandın Maastrixt İdarəetmə Məktəbi də cəlb oluna, bu ölkənin şirkətləri Azərbaycanda yaradılan sənaye parklarında layihələrin icrasında iştirak edə bilərlər. Ş.Mustafayev ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi potensialını, bir sıra sahələrdə təcrübə mübadiləsinin faydalı olacağını vurğulayıb, növbəti Azərbaycan-Niderland biznes forumunun bu il Azərbaycanda keçirilməsini təklif edib.

Rene Van der Linden Maastrixt İdarəetmə Məktəbinin proqramının ADA Universitetində tətbiqinin ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişafına müsbət töhfəsini vurğulayıb. O, Sumqayıt Kimya Sənaye Parkının nümayəndələrinin də Niderlandın “Kemelot” sənaye parkında olduğunu qeyd edib, Azərbaycan şirkətlərinin “Kemelot”da fəaliyyəti üçün imkanları diqqətə çatdırıb. Bildirib ki, ölkəsi Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, Ələtdə azad ticarət zonası tipli xüsusi iqtisadi zona layihəsinə, alternativ enerji mənbələri, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa, eləcə də mövcud əlaqələrin genişlənməsinə maraq göstərir.

Görüşdə Azərbaycan-Niderland iqtisadi əlaqələrinin genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Şahin-Mustafayev   Niderland  





Xəbər lenti