Makedoniya NATO-ya üzv qəbul edildi

 Makedoniya NATO-ya üzv qəbul edildi
  06 Fevral 2019    Oxunub:2261
Bu gün NATO-nun Brüsseldəki baş qərargahında Makedoniyanın alyansa daxil olmasına dair rəsmi protokol imzalanıb.
Azvision.az xəbər verir ki, protokol alyansın baş katibi Yens Stoltenberq və Makedoniyanın xarici işlər naziri Nikol Dimitrovun iştirakı ilə bu ölkənin və NATO-nun 29 üzv dövlətinin səfirləri tərəfindən imzalanıb.

“Ailəmizə qoşulmağınız üçün sizi uzun zamandır ki, gözləmişik. Bir neçə dəqiqədən sonra biz Makedoniyanın NATO-ya daxil olması barədə protokolu imzalayacağıq. Bu, tarixi məqamdır” - Stoltenberq təntənəli imzalanma mərasimini açarkən bəyan edib.

İmzalanan sənəd ratifikasiya olunması üçün NATO-nun 29 üzv dövlətinin parlamentlərinə təqdim olunacaq. Yalnız bu proses başa çatdıqdan sonra Makedoniya parlamenti protokolu təsdiqləyə biləcək. Stoltenberqin sözlərinə görə, ratifikasiya məsələsi yekunlaşanadək Makedoniya nümayəndələri NATO görüşlərində qonaq qismində iştiraka dəvət ediləcəklər. İlin sonunadək bitməsi gözlənilən ratifikasiya prosesindən sonra isə, dekabrda alyansın 70 illiyinə həsr olunacaq London sammitində Makedoniya rəsmi şəkildə NATO hərbi-siyasi blokunun 30-cu üzvü elan ediləcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Makedoniya   NATO  





Xəbər lenti