Papa BƏƏ-də dini ayin keçirib - VİDEO

Papa BƏƏ-də dini ayin keçirib -   VİDEO
  05 Fevral 2019    Oxunub:2489
Ərəbistan yarımadasına ilk tarixi səfərini gerçəkləşdirən Roma katolik kilsəsinin başçısı Papa Fransisk Əbu-Dabidəki “Zayed Sports City” stadionunda 135 min insanın iştirakı ilə keçirilən messaya rəhbərlik edib.
Azvision.az Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “WAM” rəsmi informasiya agentliyinə istinadən xəbər verir ki, dini ayinin icra edildiyi mərasimə dünyanın yüzə yaxın ölkəsindən gələn katoliklər və BƏƏ-də yaşayan 4 min müsəlman qatılıb. Stadionda çıxışı zamanı Papa Fransisk xristian, müsəlman və yəhudi dövlət başçılarına müraciət edərək dünyada sülhün təşviqi və müharibələri rədd etmək yolunda onları birgə əməkdaşlığa çağırıb.



Qeyd edək ki, Papa Fransisk 3 fevraldan etibarən BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl Nəhyanın dəvətilə Əbu-Dabidə səfərdədir. O, tarixdə körfəz regionuna səfər edən ilk Roma papasıdır. Səfərinin məqsədinin sülh yolunda birgə addımlamaq üçün müsəlmanlarla dialoq qurmaq olduğunu deyən Papa Fransisk vəliəhd şahzadə ilə yanaşı, BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum və digər rəsmi şəxslərlə görüş keçirib, böyük Şeyx Zayed məscidini ziyarət edib.

Roma katolik kilsəsinin rəhbəri Əl-Əzhər məscidinin baş imamı Şeyx Əhməd Əl-Tayyiblə də görüşərək, dünya insanlarının qardaşlığı və qlobal sülhün təmininə dəstək verilməsi məsələsini müzakirə ediblər.

Qeyd edək ki, BƏƏ-nin 9 milyonluq əhalisinin 1 milyona yaxını katolik xristianlarıdır.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: BƏƏ   Vatikan   RomaPapası  





Xəbər lenti