“Sosial şəbəkələrdə pulla ələ alınmış qruplar var” - Çingiz Qənizadə

 “Sosial şəbəkələrdə pulla ələ alınmış qruplar var” -  Çingiz Qənizadə
  04 Fevral 2019    Oxunub:2436
Milli Məclisin fevralın 1-də keçirilmiş plenar iclasında sosial şəbəkələrdən istifadə zamanı insanların şərəf və ləyaqətinin, toxunulmazlıq hüququnun pozulması halları ilə bağlı məsələ qaldırılıb.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışı zamanı Cinayət Məcəlləsinin 148-1-ci (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsinə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etməyə görə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddəsini xatırladıb.

Komitə sədri təəssüflə qeyd edib ki, qanunun tətbiqində boşluqlar mövcuddur: “Hesab edirəm ki, onun tətbiqi yaxşı halda deyil və sui-istifadə olunur. Növbəti mərhələdə həmkarlarımızın yeni təklifləri nəzərə alına bilər”.

Deputat Çingiz Qənizadə Azvision.az -a bildirib ki, hazırki qanunda kifayət qədər sərt cəza nəzərdə tutulur. Onun sözlərinə görə, əvvəllər sosial şəbəkələrdə təhqirlər açıq formada olurdusa, qanunun qəbul edilməsindən sonra bunu gizli şəkildə etməyə başlayıblar.

“Görünür, qanunun tətbiqində, həmin şəxslərin aşkar olunması, əməllərinə hüquqi qiymətin verilməsində müəyyən problemlər var. Onlar saxta profillərdən istifadə edərək məsuliyyətdən yayınmağa çalışırlar. Müasir texnoloji avadanlıqlarla onları aşkar etmək mümkündür. Amma bundan ötrü müəyyən vaxt lazımdır. Həmin şəxsləri tapıb, onların hərəkətinə hüquqi qiymət verilməlidir”.

Milli Məclisin üzvü qeyd edib ki, sosial şəbəkədə xoşagəlməz paylaşımlar edənlər ölkənin ictimai-siyasi həyatına aidiyyatı olmayan şəxslərdir.

“Müəyyən qruplar, öyrədilmiş insanlar və ələ alınmış şəxslər var. Pulla, tapşırıqla, hansısa məqsədlərlə hər şeyə kölgə salmağa çalışırlar. Onlar nəinki insanların şərəf və ləyaqətini alçaldan yazılar yazır, ölkədə aparılan uğurlu islahatlara kölgə salmağa çalışırlar. Dövlət Gömrük Komitəsində aparılan islahatlar, şəffaflığın təmin edilməsi, rüşvətin kökünün tamamilə kəsilməsi istiqamətində gedən işləri şübhə alıtına alırlar. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin gördüyü uğurluq işlərə kölgə salmaq istəyirlər. Hər birimiz arzulayırıq ki, bazarlara, mağazalara saxta, keyfiyyətsiz məhsullar çıxarılmasın. Buna qarşı mübarizə aparan qurumun əməkdaşlarına qarayaxmağa çalışırlar. Belə bir neçə qurumu misal göstərmək olar. Belə şəxslərin yaramaz hərəkətlərinə qarşı öz fikirlərimizi bildirməliyik”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MM   Deputat  





Xəbər lenti