Azərbaycanda 34 məhkum cərrahi əməliyyat olunub

  Azərbaycanda 34 məhkum cərrahi əməliyyat olunub
  03 Fevral 2019    Oxunub:3630
"Ötən illərlə müqayisədə mülki tibb müəssisələrində müayinələrə, konsultasiyalara, cərrahiyyə əməliyyatlarına və digər tibbi tədbirlərə çıxarılma halı 13% artıb (2018-ci ildə 237, 2017-ci ildə 210 olub). Bu da məhkumlara göstərilən tibbi xidmətin sivil sektorla ekvivalentliyinin təmin edilməsi məqsədini daşıyır"
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Respublikanın aparıcı mütəxəssisləri tərəfindən müalicə müəssisəsində keçirilən konsultasiyaların və cərrahiyyə əməliyyatlarının sayında artım müşahidə olunur. Belə ki, 2018-ci ildə 286 konsultasiya, 34 cərrahiyyə əməliyyatı olubsa, 2017-ci ildə 246 konsultasiya, 30 cərrahiyyə əməliyyat edilib.

"Azadlıqdan məhrumetmə yerlərində saxlanılan insanlar cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə baş verən xəstəlik halları cəzaçəkmə müəssisələrində də qeydə alınır. Həbs edilmiş şəxs penitensiar müəssisəyə daxil olarkən o, ilkin tibbi müayinələrdən keçirilir və azadlıqdan düçar olduğu xəstəliklər barədə məlumatlar tibbi sənədlərdə qeydiyyata alınaraq həkim nəzarətinə götürülürlər. Penitensiar müəssisələrdə tibbi xidmət hər bir məhbusa əlçatandır və onlara xəstəliyinə uyğun olaraq tibbi yardımlar göstərilir. Bütün cəzaçəkmə müəssisələrində tibb-sanitar hissələri mövcuddur. Zərurət yarandıqda məhbusun müayinə və müalicələrinə Səhiyyə Nazirliyinin ali dərəcəli müxtəlif ixtisaslı aparıcı həkimləri də cəlb olunur. Mürəkkəb diaqnostik hallarda müayinələr zamanı Səhiyyə Nazirliyinin klinikalarının maddi-texniki imkanlarından da istifadə edilir,"- deyə məlumatda qeyd edilib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Ədliyyə-Nazirliyi   Məhkum   Əməliyyat  





Xəbər lenti