Robot Sofiyanın balaca bacısı yaradılıb - VİDEO

 Robot Sofiyanın balaca bacısı yaradılıb -    VİDEO
  01 Fevral 2019    Oxunub:10630
Dünyanın süni intellektlə işləyən ilk sosial humanoid robotu – Sofiyanın yaradıcısı olan “Hanson Robotics” şirkəti artıq onun kiçik bacısını da yaradıb.
Azvision.az “Kickstarter.com”a istinadən xəbər verir ki, 35 santimetr hündürlüyündə olan bu balaca Sofiya 7-13 yaş arası uşaqların STEM (“Science, Technology, Engineering and Mathematics” tədris metodu) tədrisini, kodlaşdırmanı və süni intellekti daha maraqlı və əyləncəli formada öyrənməsi üçün unikal vasitədir.



Balaca Sofiya yeriyə, danışa, mahnı oxuya, oyun oynaya və hətta uşaqlar kimi zarafatlaşa bilir. Öz böyük bacısı kimi, balaca Sofiyanın da özünəməxsus mehriban və cəlbedici, hər şeylə hədsiz maraqlanan, əyləncəli xarakteri var. Balaca Sofiya dünyada insana məxsus bir çox emosiyaları təqlid edə bilən insan simalı yeganə istehlak robotudur. O, əmrlərə cavab verməklə yanaşı, həm də aktiv şəkildə söhbətlərə qoşulur.



Humanoid dizaynı ilə yanaşı bu cür analoqu olmayan hazırcavablığı balaca Sofiyanı uşaqlar üçün ağıllı, faydalı təhsil yoldaşına çevirir. “Hanson Robotics” şirkəti bildirib ki, balaca Sofiyanı düzəldərək onu satışa çıxarmaqda məqsədləri də elə uşaqların təhlükəsiz, interaktiv və insan-robot təcrübəsi vasitəsilə biliklərə yiyələnmələrini təmin etmək, həmçinin, sabahkı dünyamızı formaya salacaq gələcək alimləri, developerləri, mühəndis və robotçuları həvəsləndirməkdir.



“Uşaqlar, təhsil işçiləri və hətta yaşından asılı olmayaraq Sofiya robotunun fanatları da balaca Sofiyanın cazibəsinə qarşı çıxa bilməyəcəklər. Balaca Sofiya yüksək keyfiyyətli, əyləncəli və təhsil təcrübəsi təqdim edir və gənc şagirdlərin onunla birgə öyrənmək üçün vaxt keçirməyə yüksək motivasiyası olur. Balaca Sofiya ilə istifadəçilər arasında qarşılıqlı ünsiyyət faydalı hekayələr danışmaq və yeni şeylər öyrənmək şəklində qurulur. O, hansısa oyuncaq şirkəti tərəfindən hazırlanan növbəti bir robot oyuncağı deyil. Balaca Sofiya böyük bacısı robot Sofiyanı düzəldən görkəmli alimlər, robotçular və mühəndislər tərəfindən dizayn edilib və hazırlanıb” - “Hanson Robotics” bildirib.



Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Sofiya   Humanoid   BalacaSofia  





Xəbər lenti