Nazir gənc müəllimlərlə “Muğam Klub”da görüşdü - FOTOLAR

Nazir gənc müəllimlərlə “Muğam Klub”da görüşdü -  FOTOLAR
  01 Fevral 2019    Oxunub:3883
Gənclər Günü ərəfəsində bir qrup gənc müəllimlə görüş keçirilib.
Azvision.az xəbər verir ki, tədbir iştirakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər.

Daha sonra “Muğam Klub”da Təhsil Nazirliyinin rəhbər heyətinin iştirakı ilə gənc müəllimlərlə görüş keçirilib. Təhsil naziri Ceyhun Bayramov müəllimləri 2 fevral - Gənclər Günü münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

C.Bayramov gənclər siyasətinin dövlətin əsas prioritetlərindən biri olduğunu, bu istiqamətdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çoxsaylı sərəncamlar imzalandığını, layihələr həyata keçirildiyini bildirib.



Nazir, həmçinin qeyd edib ki, son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. C.Bayramov ötən il işə qəbul olunan 4100 nəfərə yaxın müəllimin 2724 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edildiyini deyib. Ümumilikdə isə müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində son 5 ildə 18 136 müəllim işə qəbul olunub. Onların kənd məktəblərində fəaliyyətə başlamış 11 600 nəfərinə (64 faiz) həvəsləndirmə tədbirləri tətbiq edilib.



Gənc müəllimlərlə görüşdən məmnun olduğunu vurğulayan nazir şagirdlərin milli dəyərlər əsasında formalaşmasında hər bir müəllimin üzərinə düşən vəzifələrdən danışıb. Çıxışının sonunda nazir gənc müəllimlərə Azərbaycanın sabahı naminə fəaliyyətlərində uğurlar arzulayıb.



Tədbirdə gənc müəllimlərdən Kürdəmir rayonu Qabil Hüseynov adına Bağman kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xalid Bayramov və Hacıqabul rayonu Talış kənd məktəbinin ibtidai sinif müəllimi Səbinə Əhmədova çıxış edərək öz fəaliyyətləri haqqında danışıb və onlara göstərilən diqqət üçün təşəkkürlərini bildiriblər.

Tədbir bədii hissə ilə davam edib.



















Aytən Zəhra
FOTO: Şahin Sərdarov

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti