Litva XİN rəhbəri: “Azərbaycanla yeni sazişi səbirsizliklə gözləyirik” (EKSKLÜZİV)

    Litva XİN rəhbəri:    “Azərbaycanla yeni sazişi səbirsizliklə gözləyirik”    (EKSKLÜZİV)
  01 Fevral 2019    Oxunub:3882
2019-cu ildə Azərbaycan və Litva diplomatik münasibətlərinin qurulmasının 100 illiyini qeyd etməyə hazırlaşırlar, çünki 1919-cu ilin 27 martında Litva özünün Bakıdakı konsulluq bölməsini açıb. Bu gün artıq hər iki ölkə arasında sıx siyasi dialoq mövcuddur və hər il parlamentlər, Xarici İşlər Nazirlikləri və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər və məsləhətləşmələr həyata keçirilir. Bəs 2018-ci il Azərbaycanla Litva münasibətlərində hansı hadisələrlə yadda qaldı? Əlaqələrimizin hansı sferalarında inkişaf müşahidə olunur? İkitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi üçün iqtisadiyyatın hansı sahələrində böyük imkanlar mövcuddur?

Azvision.az -ın bu və digər suallarını Litvanın xarici işlər naziri Linas Linkyaviçyus cavablandırıb.
2018-ci ildəki Azərbaycan-Litva əməkdaşlığının nəticəsini necə qiymətləndirərdiniz?

- Ötən il bizim ölkələrimiz üçün xüsusilə önəmli oldu. 2018-ci ildə biz müasir demokratik dövlətlərimizin yaradılmasının 100 illiyini qeyd etdik. Litva və Azərbaycan sıx siyasi dialoq qurublar və ölkələrimiz arasındakı münasibətlər qarşılıqlı anlaşma və hörmət əsasında inkişaf edir.

Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıq da bizim siyasi dialoqumuzun vacib elementlərindəndir. Biz ötən il Aİ ilə Azərbaycanın əməkdaşlıq prioritetləri ilə bağlı razılığa gəlmələrindən məmnunuq, çünki bu, növbəti illərdə bizim tərəfdaşlığımızı istiqamətləndirəcək və gücləndirəcək. Ötən il həm də Azərbaycanla Aİ arasında yeni saziş üzrə aparılan danışıqlarda tərəqqi ilə yadda qaldı və biz, müvafiq sazişin imzalanmasını səbirsizliklə gözləyirik. İmzalandıqdan və parlamentlər tərəfindən təsdiqləndikdən sonra bu saziş qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar açacaq.



İkitərəfli siyasi dialoqdan başqa Azərbaycanla Litva hansı sferalarda əməkdaşlığı inkişaf etdirirlər?

- İkitərəfli siyasi dialoqdan başqa Litva və Azərbaycan ticarət, dövlət idarəçiliyi, təhsil və bir çox sahələrdə əməkdaşlıq edirlər. Təxminən 10 il əvvəl iqtisadi əməkdaşlıq üzrə bizim hökumətlərarası komissiyamız yaradılıb və bu günədək onun 5 iclası keçirilib.

Litva dövlət qurumları Azərbaycanda Aİ-nın “Twinning” layihələrinin reallaşdırılmasında çox fəal iştirak edirlər. Artıq sizin ölkəniz Litva qurumları tərəfindən gerçəkləşdirilən 8 “Twinning” layihəsindən faydalanıb. Ən son reallaşdırılan layihələr Azərbaycanda ali təhsilin gücləndirilməsinə və icbari tibbi sığorta sisteminin tətbiqinin dəstəklənməsinə istiqamətlənib. Son onillikdə Litva, həmçinin, Azərbaycandan olan gənclərin tədrisi üçün də cəlbedici məkana çevrilib. Hazırda bizim ali təhsil müəssisələrimizdə təqribən 200 azərbaycanlı tələbə oxuyur.

2017-ci ildə Litva ilə Azərbaycan arasında ticarət mübadiləsi 34,8 milyon avroya çataraq 12,7% artıb. Litva istehsalı olan məhsulların Azərbaycana ixracı 32,6 milyon avro (17,5% artıb), Azərbaycandan idxal isə 2,2 milyon avro təşkil edib. Lakin 2018-ci ildə biz qarşılıqlı ticarət göstəricilərimizdə bir qədər azalma müşahidə etdik. Yekun statistika hələ yoxdur.



Siz vurğuladınız ki, ötən il qarşılıqlı ticarət göstəricilərimizdə azalma qeydə alınıb. İki ölkə arasındakı ticarət dövriyyəsinin artması üçün Litva Azərbaycan bazarına nə təklif edə bilər?

- Azərbaycan Cənubi Qafqazda bizim əsas ticarət tərəfdaşlarımızdan biridir. Daha dərin ticarət və investisiya əməkdaşlığı üçün bizim böyük potensialımız var. Ticari-iqtisadi əməkdaşlığı inkişaf etdirməyin ən yaxşı üsulu biznes nümayəndələrilə mübadiləni həyata keçirmək və “B2B” (“Business to business”) formatında birbaşa əlaqələri dəstəkləməkdir.

İkitərəfli ticarət dövriyyəsinin artması üçün ən böyük potensial informasiya texnologiyaları (İT), nəqliyyat və loqistika, mebel, elektron avadanlıqlar, tibb və qida sənayesi sahələrində əməkdaşlıqdadır. Azərbaycanlı sahibkarlar üçün Litva Aİ-na açılan qapı ola bilər. Biz azad ticarət zonalarına, maşınqayırma sahəsinə, sənaye avadanlıqları, avtomobilqayırma, elektronika, biotexnologiyalar, ekoloji cəhətdən təmiz texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat sahələrinə investisiya yatırılması üçün cəlbedici şərtlər təklif edirik.

İKT-də biznes tələbatlarının ödənilməsi üzrə dünyada 4-cü yeri tutan Litva şirkətləri Azərbaycan dövlət müəssisələri və özəl şirkətləri üçün innovativ İT həll variantları təklif edə bilərlər. Litva elektron hökumət sisteminin tətbiqi sahəsində Aİ-nın aparıcı ölkələrindən biridir. Biz Azərbaycanda kibertəhlükəsizlik problemlərinin həllinə effektiv töhfə verə bilərik. Bərpa olunan enerji (günəş batareyaları, biokütlə enerjisi) də maraq doğura biləcək sahələrdəndir.



Siz nəqliyyat sahəsində Azərbaycan-Litva əməkdaşlığının inkişaf perspektivlərini necə qiymətləndirirsiniz? Litvanın Bakı-Tbilisi-Qars dəmiryolu layihəsində iştirakını nəzərdən keçirirsinizmi?

- Litva ilə Azərbaycanın Şərqlə Qərb və Şimalla Cənub arasındakı kəsişmələrdə yerləşən strateji mövqeyi qonşu bazarlara birbaşa çıxışı təmin edir və təbii ki, nəqliyyat sahəsində əməkdaşlıq üçün böyük potensial yaradır. Litva Azərbaycan yüklərinin Avropaya və Skandinaviya ölkələrinə təhlükəsiz, sürətli və ekonom daşınması üçün geniş imkanlar təqdim edir. Azərbaycan 2016-cı ilin mayında “Azərbaycan Dəmir Yolları” QSC-nin “Vikinq qatarı” layihəsinə qoşulması haqqında protokol imzalayıb. Bu, nəqliyyat sahəsində Litva-Azərbaycan əməkdaşlığının vacib elementidir. Baltik və Qara dəniz limanlarını birləşdirən “Vikinq qatarı” Litva, Belarus və Ukrayna dəmir yollarının, Klaypeda, İlyiçevsk və Odessa şirkətlərinin birgə layihəsidir. Bakı-Tbilisi-Qars dəmiryolu nəqliyyat sahəsində bizim ölkələrimiz arasında artıq mövcud olan əməkdaşlığın güclənməsinə kömək edə bilər.



Bu gün Azərbaycanda “ASAN xidmət” uğurla fəaliyyət göstərir. Bu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir və “vahid məkan” prinsipi üzrə işləyir. “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən ölkə əhalisinə müxtəlif xidmətlər göstərilir. Bir sıra ölkələr Azərbaycanın bu istiqamətdəki təcrübəsini öyrənir və hətta artıq bizim ölkənin təcrübəsini qəbul edən ölkələr də var. Məsələn, bu yaxınlarda Əfqanıstanda “ASAN xidmət” (Asan Khedmat) mərkəzi açılıb. Litvada da analoji xidmətin açılması ideyasını necə qiymətləndirirsiniz?

- Bir az əvvəl də dediyim kimi, Litva elektron hökumət sisteminin tətbiqi üzrə Aİ-nın aparıcı ölkələrindəndir. İlbəil Litva vətəndaşları dövlət qurumları ilə ünsiyyətdə və evlərini tərk etmədən elektron vasitələrin köməyi ilə ictimai xidmətlərdən istifadədə daha çox imkanlar əldə edirlər. Biz hesab edirik ki, ölkələrimizin səlahiyyətli qurumları bu sahədə bir-birinin təcrübəsini öyrənə bilərlər və onlar bir-biriləri ilə paylaşmaq üçün mütləq hansısa metodlar tapacaqlar.



Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Azərbaycan qarşısında duran ən başlıca vəzifələrdən biri olaraq qalır. Yaxın gələcəkdə bu münaqişənin həlli perspektivlərini siz necə qiymətləndirirsiniz?

- Biz Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyirik və qarşıdurma ritorikası və davam edən silahlanma yarışına görə narahatıq. Bu kontekstdə, biz təmas xətti boyunca və Ermənistanla Azərbaycan sərhəddində atəşkəs rejiminin pozulması hallarının əhəmiyyətli dərəcədə azalmasını, eləcə də, Azərbaycan və Ermənistan rəsmiləri arasında dialoqun bərpasını alqışlayırıq. Biz həmçinin, tərəflərin nizamlanma istiqamətində atdıqları addımları, xüsusən də öz xalqlarını sülhə hazırlamağın vacibliyi barədə razılaşmanı alqışlayırıq.

Litva Dağlıq Qarabağ münaqişəsinin BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş beynəlxalq hüququn əsas norma və prinsiplərinə tam hörmət əsasında danışıqlar vasitəsilə sülh yolu ilə həllini dəstəkləyir. Biz həm də ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini tamamilə dəstəkləyirik.



2019-cu ildə Azərbaycan və Litva diplomatik münasibətlərinin qurulmasının 100 illiyini qeyd etməyə hazırlaşılar. Bununla bağlı cari ildə hansı tədbirlərin keçirilməsi planlaşdırılır?

- Doğrudan da, 1919-cu ilin 27 martı Litvanın Bakıda öz konsulluq bölməsini açdığı gündür. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 100 illik bayramına lazımi qaydada hazırlaşmaq üçün daha çox tarixi faktları ortaya çıxarmaq məqsədilə Litvanın Bakıdakı səfirliyi Litva Dövlət Arxivi və Azərbaycan arxivləri ilə əməkdaşlıq edir.

Seymur Məmmədov
Tərcümə etdi: Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Azərbaycan   Litva   Bakı-Tbilisi-Qars   Ermənistan   DağlıqQarabağ   Minskqrupu   Avropaİttifaqı  





Xəbər lenti