“Foto Kadr 2018” adlı təqdimat mərasimi keçirilib

“Foto Kadr 2018” adlı təqdimat mərasimi keçirilib
  31 Yanvar 2019    Oxunub:3287
Yanvar ayının 30-da Milli Olimpiya Komitəsinin inzibati binasında “Gilavar” Azərbaycan Foto Klubunun “Foto Kadr 2018” təqdimat və mükafatlandırma mərasimi keçirilib. Tədbirdə millət vəkilləri, rəsmi şəxslər, fotoqraflar və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Gilavar” Azərbaycan Foto Klubunun həmsədri Dilavər Nəcəfov klubun yaradılmasında məqsədin ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq və imkanlarından istifadə etmək, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq foto müsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaq olduğunu vurğulayıb. D. Nəcəfov tədbirin baş tutmasında Milli Olimpiya Komitəsinə, Gənclər və İdman, Mədəniyyət nazirliklərinə və “ArtFaktor” təşkilatına, informasiya dəstəyi üçün Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) təşəkkürlərini çatdırıb.



Klubunun həmsədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev 1 il ərzində görülən işlərlə bağlı hesabat xarakterli məruzə ilə çıxış edib. R. Mehdiyev qeyd edib ki, bu müddət ərzində Klub tərəfindən Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) xüsusi icazələri ilə “Azerbaijan Photo Salon”, “Baku 2018” və “Autumn Circuit 2018” adlı üç beynəlxalq foto müsabiqə həyata keçirilib. Diqqətə çatdırılıb ki, klub tərəfindən təşkil edilən ilk foto müsabiqəyə 57 ölkədən 410 fotoqraf 7 min 865 foto, ikinci foto müsabiqəyə isə 55 ölkədən 329 fotoqraf 5 min 741 foto, dairəvi sistem üzrə keçirilən üçüncü müsabiqəyə 53 ölkədən 273 fotoqraf 3 min 463 foto təqdim edib. Ümumilikdə təqdim olunan 478 mükafatı əldə etmək üçün dünyanın 60 ölkəsindən olan 1011 fotoqraf bu yarışlara 17 min 69 foto təqdim edib. Bu müsabiqələr zamanı Azərbaycandan olan fotoqraflar Dilavər Nəcəfov, Kərim Abbasov, Orxan Əzimov, Ramil Zeynalov, Rüstəm Məhərrəmov, Şahin Sərdarov, Nadejda Cavadova və Kelvin Qasımov xüsusi seçiliblər. Azərbaycanlı fotoqraflar ümumilikdə 27 mükafat qazanıblar. Fotoların qiymətləndirilməsi beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində Azərbaycan, Gürcüstan, Serbiya, Makedoniya və Monteneqrodan olan peşəkar fotoqraflardan ibarət münsiflər tərəfindən aparılıb.

“Gilavar” Azərbaycan Foto Klubunun üzvləri mütəmadi olaraq fərdi foto müsabiqələrdə iştirak edərək mükafatlar qazanırlar. Təkcə 2018-ci il ərzində klubun fotoqrafları Azərbaycanın adına 50-dən artıq beynəlxalq mükafat qazandırıblar. Qalib fotoqrafların işləri isə müsabiqələrin keçirildiyi ölkələrdə sərgilənib.



Diqqətə çatdırılıb ki, azərbaycanlı fotoqraflar təkcə fərdi şəkildə deyil, eyni zamanda klub şəklində də beynəlxalq foto aləmdə təmsil olunublar. Belə ki, Səudiyyə Ərəbistanında keçirilən “2nd FIAP in my heart forever 2018” virtual sərgidə 11 fotoqrafın işi sərgilənib və onlara diplomlar təqdim olunub. İtaliyada keçirilən “13th FIAP Clubs’ World Cup” klublarası dünya çempionatı keçirilib. Azərbaycanı ilk dəfə bu foto yarışmada 17 fotoqrafla “Gilavar” Azərbaycan Foto Klubu təmsil edib. Müsabiqəyə dünyanın 37 ölkəsindən 3 min 760 foto təqdim edilib. Yekunda Azərbaycan təmsilçiləri 322 bal toplayaraq 188 foto klub arasında 82-ci yerdə qərarlaşıb.



Klubun həmsədri R. Mehdiyev bildirib ki, “Gilavar” foto klubu yeni yaranmasına baxmayaraq, artıq Beynəlxalq Foto Sənəti Federasiyasına üzv kimi qəbul edilib və bu təşkilatın Azərbaycanda yerli fərdi klub statusunu əldə edib. Adıçəkilən foto təşkilat dünyada YUNESKO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun üzvlüyünə qəbul edilmiş klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür. Azərbaycandan 3 fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarına layiq görülüb ki, onlardan ikisi “Gilavar” foto klubunun üzvləridir.



Qeyd olunub ki, “Gilavar” Azərbaycan Foto Klubu ötən ilin dekabr ayının 1-də tanınmış fotoqraflar Dilavər Nəcəfov və Rəşad Mehdiyev tərəfindən yaradılıb. Klubun 3 dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən www.gilavar.net veb saytı və facebook sosial şəbəkəsində rəsmi səhifəsi mövcuddur. Bundan əlavə, youtube sosial platformasında klubun rəsmi kanalı fəaliyyət göstərir.

Tədbir çərçivəsində iştirakçılara “Autumn Circuit 2018” foto müsabiqəsində qalib gəlmiş fotolardan ibarət video çarx nümayiş olunub. Sonra “Gilavar” foto klubu tərəfindən təşkil edilən beynəlxalq yarışlarda fərqlənən azərbaycanlı fotoqrafların mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunub. Azərbaycan fotoqrafiyasının inkişafı istiqamətində göstərdiyi xidmətlərinə və fotoqrafiya sahəsindəki uğurlarına görə AZƏRTAC-ın fotomüxbiri, beynəlxalq dərəcəli fotoqraf İlqar Cəfərov “ArtFaktor” tərəfindən, fotoqrafiya sahəsindəki uğurlarına görə gənc fotoqraf Kərim Abbasov və Azərbaycan foto sənətinə göstərdiyi informasiya dəstəyinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyi “Gilavar” foto klubu tərəfindən xüsusi diplomlarla təltif ediliblər. Bundan əlavə, ötən ilin dekabr ayında Beynəlxalq Foto Sənəti Federasiyasının Rəssamı fəxri adını qazanmış fotoqraflar Rəşad Mehdiyev və Nadejda Cavadovaya bu qurumun xüsusi diplomları təqdim edilib.

Qeyd edək ki, Azvision.az -ın əməkdaşı Şahin Sərdarov da mükafata layiq görülənlər sırasındadır.

Azvision.az


Teqlər: Fotokadr  





Xəbər lenti