“Xahiş etdim ki, məscid üçün bizə yer ayrılsın” - Şeyxülislam

  “Xahiş etdim ki, məscid üçün bizə yer ayrılsın” -    Şeyxülislam
  31 Yanvar 2019    Oxunub:1753
Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Görüşə Moskvanın Otradnoye rayonunda yerləşən “İnam” məscidinin bağlanması ilə əlaqədar narazılıq edən dindarlar da qatılıblar.

Azərbaycanın Moskvadakı səfirliyində keçirilən görüşü səfir Polad Bülbüloğlu açaraq bildirib ki, Rusiyada da Azərbaycanda din dövlətdən ayrıdır. Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti bu ölkənin vətəndaşlarıdır və Otradnoye rayonundakı “İnam” məscidinin bağlanması məsələsini, əslində, Rusiya dövləti həll etməlidir. “Düşünürəm ki, Azərbaycan dövlətinin, Qafqaz Müsəlmanları İdarəsinin, səfirliyin bu problemə diqqəti məsələnin həllinə kömək edəcək”, - deyə diplomat bildirib.

Allahşükür Paşazadə görüşdə çıxış edərək bildirib ki, müstəqilliyini bərpa etməmişdən əvvəl Azərbaycanda cəmi 17 məscid var idi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra yeni ibadətgahlar tikildi və bu gün ölkəmizdə2 mindən çox məscid fəaliyyət göstərir. “Mən bir şeyxülislam kimi istərdim ki, Moskvada da azərbaycanlıların ibadətlərini yerinə yetirmələri üçün bir neçə məscid olsun. İndi Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqəti və dəstəyi sayəsində bizim başqa ölkələrdə də Azərbaycan məscidləri açmaq, ibadətgahlarımızı bərpa etmək imkanımız var”, - deyə o bildirib.

“İnam” məscidin bağlanmasından xəbərdar olduğunu deyən şeyxülislam qeyd edib ki, Patriarx Kirill ilə görüşdə də bu məsələni qaldırıb: “Xahiş etdim ki, Azərbaycan məscidinin inşa edilməsi üçün bizə yer ayrılsın. Bundan əlavə, mən Moskvanın meri Sergey Sobyaninə də bu məsələ ilə bağlı məktub göndərmişəm”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri ümidvar olduğunu bildirib ki, Moskvada Azərbaycan məscidinin açılması məsələsi Rusiya qanunları çərçivəsində həllini tapacaq.

Moskvada fəaliyyət göstərən “Əhli-beyt” İslam Cəmiyyətinin sədri Nizami Baloğlanov bu şəhərdə yaşayan azərbaycanlı dindarların dövlətimizin başçısına ünvanladıqları məktubu şeyxülislama təqdim edib. (AzərTAc)

Azvision.az


Teqlər: QMİ   Şeyx   Allahşükür-Paşazadə   Moskva  





Xəbər lenti