Avropa İttifaqı “Brexit” danışıqlarından imtina etdi

 Avropa İttifaqı “Brexit” danışıqlarından imtina etdi
  31 Yanvar 2019    Oxunub:2681
Avropa İttifaqı (Aİ) “Brexit” sazişinin bəzi müddəalarının dəyişdirilməsi üçün Böyük Britaniya parlamentinin yenidən danışıqlar aparmaq təklifini rədd edir.

Azvision.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun mətbuat katibi Preben Aamann bəyan edib.
Bildirib ki, danışıqların yenilənməsini istisna edən bu qərar Aİ-nın digər 27 üzv ölkəsilə razılaşdırılıb.

“”Brexit”lə bağlı əlimizdə olan hazırkı saziş Böyük Britaniyanın Avropa İttifaqından nizamlı çıxışını təmin edəcək ən yaxşı və yeganə vasitə olaraq qalır. İrlandiya ilə Krallıq arasında xüsusi gömrük-sərhəd rejimi də (“Brexit”dən sonra İrlandiya ilə Birləşmiş Krallığa daxil olan Şimali İrlandiya arasında sərt gömrük və sərhəd nəzarət sisteminin işə düşməməsi üçün Aİ-nın təklif etdiyi xüsusi rejim) sazişin tərkib hissəsidir və müzakirəyə çıxarılmır”, - deyə Preben Aamann vurğulayıb.

Aİ rəsmisi, həmçinin bildirib ki, digər 27 üzv ölkə də Britaniyanın İttifaqdan sazişsiz ayrılmasını istəmir, amma London hadisələrin bu cür inkişafına – heç bir sazişin imzalanmadığı sərt “Brexit” variantına da hazır olmalıdır.

Qeyd edək ki, ötən gün Britaniya parlamenti baş nazir Tereza Meyin təqdim etdiyi “Brexit” üzrə alternativ “B planı”nı, yəni ölkənin Avropa İttifaqından sazişsiz ayrılmayacağına dair təklifini qəbul edib. Lakin bunun qarşılığında Britaniya parlamenti İrlandiya ilə sərhəd məsələsində dəyişikliklər edilməsi üçün baş nazirdən “Brexit” sazişi üzrə Aİ ilə danışıqların davam etdirilməsini tələb edib. Çünki britaniyalı deputatların əksəriyyəti, keçid dövrünün bitdiyi 2020-ci ilədək Londonla Brüssel arasında yeni ticarət müqaviləsi imzalanmasa, Aİ-nın təklif etdiyi xüsusi gömrük mexanizminin əleyhinədirlər. Tereza Mey də öz növbəsində əvvəlki qəti mövqeyindən geri çəkilərək, İttifaqla yeni danışıqlara hazır olduğunu bildirib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Avropaİttifaqı   Britaniya  





Xəbər lenti