Özünəməşğulluq proqramı 6 dəfədən çox genişlənib

 Özünəməşğulluq proqramı 6 dəfədən çox genişlənib
  29 Yanvar 2019    Oxunub:3082
"Ötən il ərzində özünəməşğulluq proqramı 6 dəfədən çox genişlənib. Proqram 2016-2017-ci illərdə 1000 nəfər ətrafında həyata keçirilirdisə, 2018-ci ildə 7800 vətəndaşın müraciəti qəbul olunub. Onlardan 7200-ü müxtəlif kurslar, proqramlar, təlimlərdən keçərək öz biznes planlarını müdafiə ediblər. Bu günə qədər 5500 nəfər aktivlərini alıb. Bu, mütəmadi davam edən prosesdir".
Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, 7200 nəfərdən 1000-i əlilliyi olan şəxslər, 1000-dən çoxu məcburi köçkünlərdir: "100-dən çox şəhid ailəsi aktivlərini alıb. 59 nəfər şəhid ailəsi isə növbədədir. Proqram çərçivəsində olan gənclər 1200-1300 nəfərdir, xanımlar isə 1000 nəfərə yaxındır. Bizim proqramdan gözləntimiz çoxdur. Bu, il özünəməşğulluq proqramı 7-8 min ailəni əhatə edəcək. Bu da 7-6 min mikro təsərrüfatın yaranması deməkdir".

S.Babayev deyib ki, özənəməşğulluq proqramı insanları ələbaxımlıqdan qurtarır və öz təsərrüfatını qurmasına yardım edir: "Özünəməşğulluq proqramına müraciətlərin təqribən 85 faizi heyvandarlıqla bağlıdır. Qalan 15 faiz isə istehsalat və xidmət sahələridir. Aralarında şirniyyat sexi, gözəllik salonu, internet kafe açmaq, iaşə xidmətləri göstərmək, müxtəlif sənətkarlıq nümunələri, xalçaçılıq dəzgahları istəyənlər də var. 1000 ailə bu sahə üzrə niyyətlərini bildirib. Onların böyük əksaəriyyətinə aktivlər təqdim edilib".

Nazir vurğulayıb ki, rayonlarda heyvandarlıq, şəhərlərdə isə xidmət və istehsalat sahələri təşviq ediləcək: "Bu il proqramın genişləndirilməsi nəzərdə tutulur, yəni 8000 vətəndaşın müraciətini qəbul etmək niyyətindəyik. Özünəməşğulluq proqramı mikro və kiçik sahibkarlığın inkişaf etməsi üçün böyük mexanizmə çevriləcək.
Sərf olunan vəsait dövlət büdcəsindən yox, İşsizlikdən Sığorta Fondu çərçivəsində həyata keçirilir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir   Məşğulluq  





Xəbər lenti