Lahıc sükuta qərq olub... - FOTOLAR

Lahıc sükuta qərq olub... -  FOTOLAR
  28 Yanvar 2019    Oxunub:7717
İsmayıllının Lahıc qəsəbəsi Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 metr hündürlükdə yerləşir. Qəsəbə Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur.

Qəsəbə yerli turistlərlə yanaşı, əcnəbilərin də maraq dairəsindədir. Xüsusən, yay aylarında Lahıcda bir çox ölkələrdən gələn xarici qonaqları görmək mümkündür.
Lahıcda ustaların misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və digər məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə məşhurdur. Bu gün də həmin məhsullara böyük diqqət və maraq var.

Turistlərin yay aylarında üz tutduqları məkanda qışda bir səssizlik, sükut hökm sürür. Bir çox evlərin qapısı bağlanıb, yaydakı insan izdihamından əsər-əlamət yoxdur.



Yerli sakin Xanəli Hüseynovun sözlərinə görə, Lahıcda müşahidə edilən səssizlik qış fəsli ilə əlaqədardır: “Rayon sakinləri əsasən şəhərlərdə yaşayan qohum-əqrabalarının yanına gedir. Yayda isə burada canlanma olur, 3 ay müddətində çoxlu turist gəlir. Qəsəbə sakinləri turislərə kirayə mənzillər verirlər. Turistlər yaxşı şəraiti olan ev istəyirlər. Qəsəbəmizə artıq qaz da çəkilib, odundan istifadə edib təbiətə ziyan vurmuruq. Yollar da yaxşıdır. Yeganə problemimiz iş və həkimin olmamasıdır. İş yerləri olduqca azdır. Ona görə də insanlar şəhərlərə, ya da Rusiyaya gedirlər. Xəstəxanamızda isə həkim yoxdur, təcili həkim lazım olanda nə edəcəyimizi bilmirik. Şəhərdə oxuyan mütəxəssislərimiz isə bura gəlmək istəmirlər. Ümid edirik ki, gələcəkdə qəsəbəmizdə iş yerləri açılar və onlar getməzlər”.



















Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: İsmayıllı   Lahıc  





Xəbər lenti