Tramp miqrantları Meksikaya geri göndərir

   Tramp miqrantları Meksikaya geri göndərir
  26 Yanvar 2019    Oxunub:1916
ABŞ prezident administrasiyası ölkənin cənub sərhədlərinə axışan Latın Amerikası miqrantları ilə mübarizə üçün yeni siyasətə əl atıb. Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Amerikada sığınacaq axtarmaq üçün qanunsuz şəkildə sərhəddi keçən miqrantlar ABŞ-ın immiqrasiya məhkəmələrində onların işlərinə baxılanadək Meksikanın Tixuana şəhərinə geri göndəriləcəklər.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bildirib ki, Meksikaya hər gün 20 miqrant göndəriləcək. Bu prosesin yalan bəhanələrlə ABŞ-a qanunsuz keçmək istəyənləri həvəsdən salacağı, sığınacaq üçün leqitim tələblərə uyğun gələn miqrantları isə daha çox resursla təmin edəcəyi bildirilir.

Lakin Meksika hökuməti bəyan edib ki, geri göndərilənlərin təhlükəsizliyi, qidalanma, sağlamlıq və yaşayış vəziyyətinə görə məsuliyyət daşımayacaq və yalnız həmin miqrantların əmək bazarında işlə təmininə yardımçı ola bilər.

Qeyd edək ki, ABŞ hökumətinin rəsmi statistikasına əsasən ötən il 93 min miqrant ABŞ-ın Meksika ilə cənub sərhəddinə gələrək sığınacaq tələb etmişdi. ABŞ-da bir aydan çox davam edən “şatdaun” prosesinin səbəbi də elə məhz miqrant probleminə görə prezident Donald Ttrampın Meksika ilə sərhəddə divar tikilməsinə büdcədən 5,7 milyard dollar ayrılmasını tələb etməsi idi.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Meksika   Miqrant   ABŞ  





Xəbər lenti